ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
Prezident İlham Əliyev yanvarın 5-də jurnalistlərə müsahibəsi zamanı etimadını doğrultmayan məmurlardan danışıb. Dövlət başçısı bildirib ki, Naxçıvanda xüsusi nümayəndə institutu yaradılıb, lakin təyin etdiyi kadr (Fuad Nəcəfli – red.) etimadını doğrultmayıb və buna görə vəzifəsindən azad edilib. Oxşar səbəbdən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov da təyinatdan qısa müddət sonra vəzifəsindən çıxarılıb.
Prezident vurğulayıb ki, etimadı doğrultmayan kadrlar ya inzibati, ya da cinayət məsuliyyətinə cəlb olunur. Bəs, vəzifəsindən azad edilən kadrlar – Elxan İbrahimov və Fuad Nəcəfli istintaqa cəlb ediləcəkmi?
Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, Prezidentin etimadının doğruldulmaması iki kateqoriyada qiymətləndirilə bilər:
“Mənəvi və maddi. Fikrimcə, burada əsasən mənəvi kateqoriya nəzərdə tutulur. Bu, daha çox əhali ilə münasibətlərin qurulması, iş adamlarının incidilməməsi, korrupsiyaya yol verilməməsi və digər oxşar məsələlərlə bağlıdır. Hər hansı araşdırma aparılsa və kriminal elementlər aşkarlansa, aidiyyəti şəxslər məsuliyyətə cəlb oluna bilərlər. Lakin hazırda bu istiqamətdə məlumatımız yoxdur və məsələ hüquq-mühafizə orqanlarının səlahiyyətindədir”.
Hüquqşünas Əkrəm Həsənov isə bildirib ki, vəzifədən azad olunma və barələrində səslənən rəy həmin şəxslərin mütləq cinayət törətdiyi anlamına gəlmir:
“Ola bilər ki, onlar sadəcə vəzifə öhdəliklərini yerinə yetirməyiblər, intizam və digər səhvlərə yol veriblər. Hazırda bununla bağlı dəqiq söz deyə bilmərik. Onların cinayət əməllərinə yol verməsi haqda rəsmi açıqlama yoxdur. Düzdür, eyhamlar var, yazılar gedir, söz-söhbət mövcuddur. Əgər cinayət faktları varsa, istintaq aparılmalı, cinayət işi açılmalı və məsuliyyətə cəlb olunmalıdırlar. Amma ola bilər ki, belə faktlar yoxdur və sadəcə işlərində xeyli qüsur mövcuddur”.
Zaira Akifqızı
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.