AZ

Xəzər Dəniz Gəmiçiliyi iflasın bir addımlığında Dəhşətli borcun pərdəarxası bilindi

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) maliyyə vəziyyəti ilə bağlı narahatedici göstəricilər üzə çıxıb. Belə ki, istiqraz buraxılışı hesabına milyonlarla dollar borc cəlb edən dövlət şirkətinin xalis mənfəəti 2024-cü ildə əvvəlki illə müqayisədə 3 dəfə azalaraq 14,5 milyon manata enib. Üstəlik, ötən il 18,4 milyon manat əməliyyat zərərinin yaranması şirkətdə borc yükü və idarəetmə səmərəliliyi ilə bağlı sualları aktuallaşdırıb.

Borcun və zərərin yaranmasının əsas səbəbləri nədir?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bu qədər böyük borcun və zərərin yaranması bir səbəblə izah olunmur:

“Əsas məsələ odur ki, ASCO uzun illərdir borc hesabına fəaliyyətini və investisiyalarını genişləndirib, amma həmin borcu daşıyacaq qədər stabil, artan gəlir axını yarada bilməyib. İstiqrazlar vasitəsilə cəlb olunan vəsaitlərin əhəmiyyətli hissəsi ya yüksək xərc tələb edən donanmanın saxlanmasına, ya da özünü qısa müddətdə doğrultmayan layihələrə yönəlib.

Əməliyyat zərərinin yaranması göstərir ki, problem təkcə borc faizlərində deyil, əsas fəaliyyətin özündədir. Gəmiçiliyin gündəlik xərcləri – yanacaq, texniki xidmət, təmir, heyət xərcləri, sığorta və amortizasiya – çox yüksəkdir. Daşımaların həcmi və ya tariflər bu xərcləri tam örtmədikdə, şirkət əsas fəaliyyətindən zərər yazmağa başlayır. Bu zaman istiqraz üzrə faiz ödənişləri vəziyyəti daha da ağırlaşdırır və mənfəəti “əriyir”.

Akif Nəsirli

İqtisadçı bildirib ki, bu məsələdə digər mühüm amil beynəlxalq daşımalar bazarındakı dalğalanmalardır:

“Son illər yük axınlarının dəyişməsi, regional risklər, marşrutların qeyri-sabitliyi və rəqabətin artması gəmiçilik şirkətlərinin gəlirlərinə ciddi təzyiq göstərib. Dövlət şirkəti olsa da, “Xəzər Dəniz Gəmiçiliyi” bu bazar şərtlərindən kənarda qala bilmir və gəlirlər azalanda borc yükü daha aydın hiss olunur. Valyuta faktoru da mühüm rol oynayır. İstiqrazların böyük hissəsi dollarla buraxılıb, amma şirkətin əsas gəlirləri manatla formalaşır. Məzənnə riski və dollarla faiz ödənişləri borcun real yükünü artırır. Gəlir artsa belə, valyuta fərqi borcun xidmətini çətinləşdirir”.

Akif Nəsirlinin sözlərinə görə, borcun yaranmasına təsir edən əsas amillərdən biri də idarəetmə modelidir:

“Dövlət şirkətlərində səmərəlilik və məsuliyyət mexanizmləri özəl sektora nisbətən zəif olur. Zərər dərhal ciddi nəticələr doğurmadığı üçün xərclərin optimallaşdırılması gecikir, borclanma isə asan çıxış yolu kimi seçilir. İstiqrazdan gələn pul uzunmüddətli strateji gəlir yaratmaq əvəzinə cari problemlərin örtülməsinə yönəldikdə isə borc qalıcı problemə çevrilir. Nəticə etibarilə, bu vəziyyətin əsas səbəbi yüksək əməliyyat xərcləri, zəifləyən gəlirlər, bahalı borclanma və zəif maliyyə idarəçiliyinin birləşməsidir. Borc özü problem deyil, amma borcun yaratdığı yükü daşıyacaq qədər effektiv və gəlirli fəaliyyət olmadıqda zərər qaçılmaz olur”.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
88
globalinfo.az

1Mənbələr