“Israel Aerospace Industries” (IAI) şirkəti İsrailin sərhədlərinin qorunması üçün nəzərdə tutulmuş yeni sərhəd mühafizəsi həllinin bir sıra nümayişlərini uğurla tamamlayıb.
IAI-dən “Poliqon”a verilən məlumata görə, bu həll şirkət tərəfindən, İsrailin müdafiə qurumlarının tələblərinə uyğun olaraq hazırlanıb və istehsal edilib.
İsrailin bütün sərhədlərində həm gündəlik, həm də fövqəladə vəziyyətlərdə genişmiqyaslı əməliyyatlar üçün kompleks cavab təmin edən sistem, quruda, havada və dənizdə yaranan müxtəlif növ təhdidlərə qarşı öldürücü və effektiv reaksiya təqdim edir.
Yeni həll müxtəlif sensorlar və platformalardan kəşfiyyat məlumatlarının toplanması üçün qabaqcıl texnologiyalara əsaslanır. Bu sensorlar ümumi kəşfiyyat mənzərəsini formalaşdırır və sərhəd boyu yerləşdirilən öldürücü vasitələrə real vaxtda sürətli, avtonom aktivləşmə imkanı verir. Təhdidin aşkarlanması ilə zərərsizləşdirilməsi arasında olan sensor-atıcı (sensor-to-shooter) dövrünün qısaldılması əməliyyat şəraitində sübut edilib. Bu proses kəşfiyyatın toplanması, emalı, öldürücü zərbə mərhələləri və atəş dövrəsinin (kill-chain) bağlanmasına qədər IAI sistemləri arasında tam əlaqəlilik (kosmosdan başlayaraq, sahədə fəaliyyət göstərən avtonom quru vasitəsinə qədər) ilə təmin olunub.
Sistemin mərkəzində çoxsaylı sensorlar və platformalardan toplanan kəşfiyyat məlumatlarını birləşdirən, onları təhdidin sürətli aşkarlanması və məhv edilməsi üçün silah sistemləri ilə inteqrasiya edən mərkəzləşdirilmiş missiya idarəetmə sistemi dayanır. Süni intellekt (AI) əsaslı ən müasir texnologiyalardan istifadə edən bu sistem, məlumatları emal edir və bütün komponentlər arasında fasiləsiz əlaqə, koordinasiya və rabitə təmin edir.
“İsrailin relyefi və sərhədləri dünyanın ən mürəkkəb və çətin olanlarındandır. Strateji torpaq dərinliyi olmayan kiçik bir ölkə kimi, hava, dəniz və quru istiqamətindən gələn geniş spektrli təhdidlərlə üzləşirik və bu təhdidlər mümkün qədər tez və ölkə ərazisindən uzaqda zərərsizləşdirilməlidir. Müdafiə qurumlarına təqdim olunan həll avtonom, innovativ və yüksək dayanıqlıdır, bütün sərhəd ssenarilərində təhdidlərin tam spektrinə uyğun cavab verir və sahədə fəaliyyət göstərən hərbçilərin həyatını qoruyur. Bu, İsraildə uğurla nümayiş etdirilən növünün ilk sistemidir. Son iki il ərzində IAI milli təhlükəsizliyi qorumaq üçün fasiləsiz fəaliyyət göstərib və bu, innovativ, inteqrasiya olunmuş və oyunu dəyişən həlləri təqdim etmək üzrə aydın öhdəliklə hərəkət etməsinin nəticəsidir”, – deyə IAI şirkətinin prezidenti və baş direktoru Boaz Levi bildirib.
Nümayişlərə inteqrasiya olunan əsas qabiliyyətlər arasında bunlar yer alıb:
ELM-2058 – miniatürləşdirilmiş, qabaqcıl SAR radarı ilə istənilən hava şəraitində və zəif görmə şərtlərində davamlı izləmə aparmaq qabiliyyətinə malik kəşfiyyat PUA-sı;
APUS 60 – kəşfiyyat, müşahidə və nəzarət (ISR) imkanları olan VTOL (vertikal qalxıb-enmə) PUA, həmçinin “sensor-atıcı” atəş dövrəsinin bağlanması üçün sürətli zərbə imkanı verən silah stansiyası ilə təchiz edilib;
“Blue Sky Warden” – “L3Harris” ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanmış yüngül sərhəd mühafizə təyyarəsi.
B.Levi vurğulayıb ki, nümayişlərdə IAI-nin elektro-optik sistemləri, radarlar, avtonom vasitələr, dronlar və PUA-lar geniş şəkildə iştirak edib və əməliyyat sahəsində müxtəlif təhdidlərə qarşı effektivliyini sübut edib.