Bakı, 7 yanvar, AZƏRTAC
Ritorika dili yaxşı istifadə etmək bacarığıdır və arqument sənətidir. Bu gün sosial medianın ritorikası çox güclüdür və inandırıcıdır. O, mənaların sürətlə yayılmasını təmin edir. “Virallaşma” ona xüsusi güc qazandırır. Sosial mediada istifadə edilən ritorikanın həm müsbət, həm də mənfi təsiri vardır. Məlumat, yanlış məlumat və dezinformasiya fərqli məfhumlardır. Dezinformasiya çaşdırmaq üçün hazırlanmış yalan məlumatdır. Bu, qeyri-etik ritorikadır.
Bu barədə AZƏRTAC-a açıqlamasında AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərqşünasliq elminin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru professor Roida Rzayeva söyləyib.
“Sosial medianın ritorikası hər bir fərdi istifadəçi haqqında mümkün qədər çox məlumat toplayır və çox sayda istifadəçini demək olar ki, hər şeyə inandırmağa imkan vermək üçün istifadə edir. Əgər ənənəvi ritorika məhdud vaxta, məkana və istənilən auditoriyaya və ya fərdə təsir göstərmək üçün istifadə edilirsə, ondan fərqli olaraq sosial media daim mövcuddur. Sosial media, əslində, heç vaxt görüşməmiş və çox vaxt görüşməyəcək insanların yeni icmalarını yaratmağa qadir olan yüksək dərəcədə fərdiləşdirilmiş şəxsi təcrübədir. Sosial medianın ritorikası daha çox vasitəçilik edir. Tədqiqatlar onu göstərir ki, kommunikasiyada vasitəçilik nə qədər çoxdursa, məlumat daha az doğru olur. Lakin buna baxmayaraq, ona etibar edənlər də olur. Buna misal olaraq, bir çoxlarının şəxsən tanıdıqları insanla kommunikasiyadan daha çox media yazılarına, reklamlarına və mesajlarına etibar etmələrini göstərmək olar. İnsan çox vaxt “mesajçı”nı (mesajı yayanı) tanımadan ona etibar edir”, - deyə o bildirib.
Alimin fikrincə, müasir mediada dilin gücünü qiymətləndirə bilmək və inandığımız səbəbləri müdafiə etmək üçün bu gücdən istifadə etmək zəruridir. İnandırıcı dildən istifadə etməyin müxtəlif üsulları vardır və müasir mediada inandırma sənəti geniş istifadə edilir, o cümlədən mənfi ritorikada (feyklər və s.). Daha şüurlu “istehlakçı” olmaq hər gün istifadə etdiyimiz mənbələrə tənqidi yanaşmadan keçir.
Professor qeyd edib ki, çox vaxt ritorika əxlaq fəlsəfəsi və etika ilə birlikdə tədris olunur: “Elə bu nöqtədə süni intellekt mövzusu və onun ritorika təcrübəsinə təsiri xüsusi aktuallıq qazanır. Belə ki, süni intellekt bir çox insan fəaliyyətinin təbiətini dəyişdirir və ritorika da istisna deyil. Süni intellektin təsiri ilə əlaqədar müxtəlif proqnozlar var. Ancaq bu danılmazdır ki, süni intellekt inkişaf edəcək. Eyni zamanda, süni intellekt müəyyən dərəcədə faydalıdır, orijinallıq, arqument və kreativ (yaradıcı) dilə (üsluba) ehtiyac duyulmayan kommunikasiya üçün daha uyğun görünür. Süni intellekt artıq mövcud olan mənbələrdən (internet, kitablar, məqalələr və istənilən elektron və ya çap mətnlər) hər mövzuda yazı yaratdığı üçün tez-tez təkrarlara yol verir, məlumat bəzən qeyri-dəqiq olur. Süni intellekt proqramlarının təqdim etdikləri məlumat bir çox başqalarının dediklərinin tənqidi olmayan xülasə və ya qısaltmasıdır. Orijinal arqument, onun inandırıcı şəkildə formalaşdırılması və həmin arqumenti cəlbedici dildə ifadə etmək bacarığı, yeni obrazlardan istifadə süni intellekt ritorikasına uyğun deyil. O, nitq fiqurlarından və ya metaforik dildən çox yaxşı istifadə etmir. Süni intellektdə müəllif və ya natiq kimi etibarlı etik kompas yoxdur”.