AZ

Professor: Azərbaycan ABŞ münasibətləri strateji səviyyədədir

Reyting.az saytına istinadən ain.az xəbər verir.

“Azərbaycan-Amerika münasibətləri strateji səviyyəyə çatıb. Azərbaycanın ABŞ-la əlaqələri bu mərhələyə yüksəltməsi və bu formatda əməkdaşlıq etməsi böyük nailiyyətdir. Azərbaycan Respublikası Prezidentinin ötən ilin avqustunda ABŞ-a etdiyi səfər bu baxımdan xüsusi əhəmiyyət daşıyır”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan-ABŞ münasibətlərini və iki ölkə arasında perspektiv əməkdaşlıq imkanlarını dəyərləndirən professor Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, 907-ci düzəlişin faktiki olaraq aradan qaldırılması, ABŞ-Azərbaycan Strateji İşçi Qrupunun yaradılması, eləcə də Zəngəzur dəhlizinin açılmasının ABŞ lideri tərəfindən dəstəklənməsi Azərbaycana mühüm üstünlüklər qazandıracaq.

Q. Hüseynlinin qənaətincə, 907-ci düzəlişin ləğvi ABŞ-la Azərbaycan arasında hərbi-sənaye komplekslərinin əməkdaşlığına real imkanlar yaradacaq: “Bu istiqamətdə artıq heç bir maneə qalmayacaq. Bu isə son dərəcə vacibdir. Çünki məhz 907-ci düzəliş uzun müddət Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın qarşısını alırdı. Sözügedən düzəlişin ləğvi və münasibətlərin daha yüksək səviyyəyə qaldırılması o deməkdir ki, Azərbaycan müasir silah-sursat əldə edə biləcək. Bir sözlə, bu istiqamətdə yol faktiki olaraq açılıb”.

Professor bildirib ki, Azərbaycan-ABŞ əməkdaşlığının inkişafı iki ölkə arasında ticarət və maliyyə imkanlarını da genişləndirəcək, qarşılıqlı ticarət dövriyyəsi artacaq: “Bu, həm əhaliyə, həm də ölkələrin iqtisadiyyatına əlavə gəlir gətirəcək. Yəni ticarət əlaqələrinin genişləndirilməsi üçün də imkanlar yaranır”.

ABŞ-da müəyyən dairələrin Azərbaycana qarşı iradlar səsləndirə biləcəyini qeyd edən Q. Hüseynlinin fikrincə, bu, əsasən Konqres səviyyəsində ola bilər: “Lakin Tramp administrasiyası göstərib ki, Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Azərbaycan da bu münasibətlərin inkişafında maraqlıdır və bunun üçün lazımi addımlar atır. Odur ki, əlaqələr hazırda çox yüksək səviyyədədir və bu şəkildə də davam edəcək. Bu isə Azərbaycanın apardığı siyasətin düzgün və effektiv olduğunu göstərir”.

Professor xatırladıb ki, ABŞ hazırda dünyanın bir nömrəli dövlətidir və ən müasir texnologiyalar, yeniliklər məhz bu ölkədə cəmləşib: “Azərbaycan bu əlaqələrin üstünlüklərindən istifadə edərək ən son model texnika əldə edə bilər. Digər tərəfdən, süni intellekt sahəsində də ABŞ lider mövqedədir. Bu gün ölkələr süni intellektdən maksimum faydalanmağa çalışırlar. Azərbaycan da bu sahədə ən yeni və modern texnologiyalara problemsiz çıxış əldə edə bilər. Bir sözlə, münasibətlərin strateji xarakter alması ölkəmizə çoxsaylı üstünlüklər qazandıracaq”.

Q. Hüseynli əlavə edib ki, Azərbaycan-ABŞ münasibətlərindən və bu əlaqələrin strateji istiqamət almasından danışarkən Zəngəzur dəhlizi məsələsini də unutmamaq lazımdır: “Bu yolun açılması məsələsi ABŞ-da həllini tapıb, hazırda texniki işlər aparılır. Azərbaycan onsuz da mühüm dəmir yolu qovşağında yerləşir və bu sahədə böyük nailiyyətlər əldə edib. TRIPP marşrutu adlandırılan dəhlizin açılması, ilk növbədə, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək. Eyni zamanda, bu yol Azərbaycanın Türkiyə və Avropaya çıxış imkanlarını genişləndirəcək. Həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin inkişafına töhfə verəcək. Azərbaycan bu dəhlizdən maksimum dərəcədə faydalanacaq. Sözügedən yol ölkəmizə əlavə maliyyə gəlirləri də gətirəcək, çünki tranzit yükdaşımaları baxımından olduqca sərfəlidir”.

Nemət ORUCOV

Reyting.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
reyting.az

1Mənbələr