Kiyev, 7 yanvar, AZƏRTAC
“İstəklilər koalisiyası”nın Parisdə keçirilən zirvə sammitində Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi, sülh planından sonra xarici ölkələrin hərbi qüvvələrinin yerləşdirilməsi kimi strateji qərarlar qəbul edilib. Sammitdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsi üçün təhlükəsizlik zəmanətlərinin arxitekturasının yarandığını bəyan edib. Bəs, bu qərarların gerçəkləşdirilməsi mexanizmi nə dərəcədə real görünür?
Ukraynalı siyasi ekspert Aleksandr Kovalenko AZƏRTAC-a açıqlamasında “İstəklilər koalisiyası”nda qəbul edilən qərarların, sadəcə, ilkin şərtlər olduğunu bildirib. ““İstəklilər koalisiyası” sülhdən sonra Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi konsepsiyasının ilkin mərhələsi üzərində işləyir. Parisdə koalisiyanın qaldırdığı bütün məsələlər ilkin mərhələdədir. Bu o demək deyil ki, sabah qəbul olunan qərarların icrasına başlanılacaq. Xeyir, elə deyil. Bu, sadəcə, sülhdən sonra həyata keçiriləcək ilkin şərtlərdir. Bunlar təhlükəsizlik divarının ilkin hörülən kərpicləridir. Ancaq onu qeyd etmək lazımdır ki, “İstəklilər koalisiyası”na daxil olan ölkələr Ukraynanın təhlükəsizlik zəmanətinə və atəşkəsdən sonra hərbi kontingentin yerləşdirilməsinə dair olduqca cəsarətli mövqe nümayiş etdirir. BMT-nin, NATO-nun edə bilmədiyini “İstəklilər koalisiyası”na daxil olan ölkələr edir. Məhz elə bu koalisiya da ona görə yaranıb ki, təcili qərarlar verə bilsin. NATO, Avropa Birliyi və BMT kimi beynəlxalq təşkilatlarda mövcud olan bürokratik, arxaik mexanizmlərdən azad olmaq üçün “İstəklilər koalisiyası” yaranıb. Ona görə də “İstəklilər koalisiyası” daha çevik qərarlar verə bilir”, - deyə Aleksandr Kovalenko əlavə edib.
Ukraynalı ekspert hesab edir ki, Rusiya sülh planını imzalamadığı halda, “İstəklilər koalisiyası”nın qəbul etdiyi qərarların həyata keçirilməsi mexanizmi mümkün olmayacaq. ““İstəklilər koalisiyası”nda Ukraynanın təhlükəsizlik zəmanətinə dair çevik konsepsiyanın qəbulunun tezliklə həyata keçirilməsi mümkün görünmür. Nə qədər ki, Rusiyanın Ukraynaya müharibəsi davam edəcək, Rusiya sülh planını imzalamayacaq, “İstəklilər koalisiyası” nın qəbul etdiyi qərarlar yalnız kağız üzərində qalacaq. Ona görə də “İstəklilər koalisiyası” həm də Rusiyaya güc tətbiqini həyata keçirməlidir. Paralel olaraq diplomatiya ilə yanaşı, güc mexanizmi də işləməlidir”, - deyə ukraynalı ekspert bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev