AZ

Maduro İsveçrəyə niyə 5,2 milyard dollarlıq qızıl göndərib? Səbəbi məlum oldu

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Məlum olub ki, Venesuela Prezidenti Nikolas Maduro vəzifədə olduğu ilk illərdə ölkənin Mərkəzi Bankına məxsus ehtiyatlardan ümumi dəyəri 5,2 milyard dollar olan 113 ton qızılı İsveçrəyə transfer etdirib. Söhbət 2013–2016-cı illər arasında həyata keçirilən göndərişlərdən gedir.

"Reuters" agentliyinin beynəlxalq gömrük məlumatlarına istinadən yaydığı xəbərə görə, həmin dövrdə Venesueladan İsveçrəyə böyük həcmdə qızıl ixrac olunub. İsveçrənin SRF yayım qurumu bu satışların, ABŞ sanksiyaları fonunda çətin vəziyyətdə olan Venesuela iqtisadiyyatını ayaqda saxlamaq və ölkəyə valyuta axını təmin etmək məqsədi daşıdığını bildirib.

Qeyd olunur ki, Venesuela Mərkəzi Bankının ehtiyatlarından göndərilən qızıl, adətən dünyanın ən böyük qızıl emalı və sertifikatlaşdırma mərkəzlərindən biri sayılan İsveçrədə emal və yenidən ixrac üçün nəzərdə tutulub.

2017-ci ildən sonra qızıl axını dayandı. Buna səbəb Avropa İttifaqının Venesuelalı rəsmi şəxslərə qarşı insan haqları pozuntuları və demokratik institutların zəiflədilməsi iddiaları ilə sanksiyalar tətbiq etməsi olub. İsveçrə 2018-ci ilin əvvəlində Aİ sanksiyalarını qəbul etsə də, Venesueladan qızıl idxalına ümumi embarqo tətbiq etməyib. Bununla belə, StoneX şirkətinin analitiki Rona Konnell ixracın dayanmasının əsas səbəbinin “Venesuela Mərkəzi Bankının qızıl ehtiyatlarının tükənməsi” ola biləcəyini qeyd edib.

Xəbərdə bu qızıl transferlərindən sonra hadisələrin daha da sürətləndiyi vurğulanır. Yanvarın 3-də ABŞ xüsusi təyinatlıları tərəfindən Karakasdan aparıldığı iddia edilən Nikolas Maduro hazırda Nyu-Yorkda narkotik qaçaqmalçılığı və narko-terrorçuluq da daxil olmaqla bir sıra ittihamlarla mühakimə olunur.

Maduronun saxlanılmasından dərhal sonra İsveçrə hökuməti Maduro və onunla əlaqəli 36 nəfərin ölkədəki aktivlərini dondurduğunu açıqlayıb. Dondurulan vəsaitlərin məbləği və mənbəyi açıqlanmasa da, bu aktivlərin Mərkəzi Bankdan İsveçrəyə köçürülən qızıl ehtiyatları ilə əlaqəli olub-olmaması hələlik bilinmir.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
azpolitika.info

1Mənbələr