“Şəhərsalma və Memarlıq İli ilə bağlı Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində dedi ki, Bakı öz tarixi simasını qorumalıdır. Mən bir memar kimi 2026-cı ildə gözləyirəm ki, Bayır şəhər tarixi ərazimizin statusu normal şəkildə Prezidentin Sərəncamına əsasən icra olunsun. Sərəncam dedikdə Baş Planı nəzərdə tuturam. Baş Plana əsasən, Bayır şəhər xüsusi mühafizə zonasıdır. Bunlar tətbiq olunmalı, xüsusi dizayn kod tətbiq edilməli, daxilində piyadalaşma olmalıdır. Necə ki aşağı ərazidə Mərkəzi Univermaq və "Fantaziya" hamamı ətrafında indi bu proseslər baş verir. "Şəhərsalma və Memarlıq İli"nədən gözləntim budur ki, tarixi ərazilər qorunsun. Tək bir binanı qorumaq, əlbəttə ki, ansambl qurğusuna uyğun olmayacaq. Küçələrə xüsusi dizayn kod tətbiq edilməlidir. Yəqin ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bununla bağlı müsabiqə elan edəcək”.
Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış memar Abdul Hüseynov deyib.
Memarın sözlərinə görə, ümumiyyətlə, tarixi ərazilərlə bağlı müsabiqələr elan olunmalıdır ki, memarlar iştirak etsinlər: “Təkcə bir şirkət seçilir və yalnız o şirkət işləyir. Bu, düzgün yanaşma deyil. Ümumiyyətlə, Bayır şəhərə aid müsabiqə elan olunmalıdır. Düşünürəm, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bunu edə bilər. Yəqin ki, Şəhərslama və Memarlıq Forumu keçirilən zaman müəyyən qaydalar öz yerini tapacaq. Absurd olar ki, "Şəhərslama və Memarlıq İli" elan edilsin, Forum keçirilsin və tarixi ərazimizdə söküntü işləri getsin. Ümid edirəm, bu söküntü mütləq dayandırılacaq. Təkcə Forum vaxtında, 2026-ci ildə yox, ümumiyyətlə, tarixi əraziləri dağıtmaq prosesinə son qoyulacaq, müsabiqələr elan ediləcək, müəyyən normativlər tətbiq olunacaq. Abadlaşdırma, binaların bərpası, kompleks ansamlın qorunması...”.
Aytəkin Qardaşova