AZ

Prezident İlham Əliyevin müsahibəsində Türk dünyası ilə bağlı strateji xətt



“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu günlərdə yerli televiziya kanallarına verdiyi müsahibə digər açıqlamalar və müsahibələr kimi mühüm mesajlar, yeni dövrün tələbələrinə uyğun olaraq strateji xıttin müəyyən edilməsi, bunun cəmiyyətə eləcə də tərəfdaş ölkələrə çatdırılması baxımından əhəmiyyətli oldu. Cənab Prezidentin Prezidentin müsahibəsində əksini tapan fikirlər həm də cəmiyyətin bütün təbəqələrini əhatə edirdi. Cəmiyyətin sanki bir gözləntiləri vardı və Cənab Prezident bütün istiqamətlərdə dövlətin mövqeyi, yanaşmasını açıq şəkildə ifadə edərək cəmiyyətə çatdırdı. Müsahibə zamanı Azərbaycanın xarici siyasət prioritetləri, xüsusilə də Türk dünyası ilə münasibətlərə toxunaraq bu münasibətlərdə yeni bir mərhələnin başlandığına işarə etdi. Dövlət başçısının fikirlərindən aydın oldu ki, Türk dünyası anlayışı artıq yalnız tarixi-mədəni bağlılıq çərçivəsində deyil, real siyasi, iqtisadi və geosiyasi əməkdaşlıq platforması kimi dəyərləndirilir və günümüzdə bu əlaqələrin daha da inkişaf etdirilməsi zərurəti meydana çıxır”.

Bu fikirləri Newscenter.az-a “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin (ATXƏM) sədri İlham İsmayılov dövlət başçısının yanvarın 6-da yerli televiziya kanallarına verdiyi müsahibəni şərh edərkən səsləndirib. ATXƏM sədri deyib ki, Prezident İlham Əliyev müsahibədə Türk dünyasını Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən biri kimi təqdim edərək vurğuladı ki, müsahibədə xüsusi yer tutan məsələlərdən biri Türk Dövlətləri Təşkilatının (TDT) artan rolu oldu:

“Prezidentin fikrincə, təşkilat artıq simvolik platforma olmaqdan çıxaraq, siyasi koordinasiya, iqtisadi layihələr və nəqliyyat-logistika sahəsində mühüm mexanizmə çevrilir. Bu baxımdan TDT-nin gələcəkdə regional və qlobal proseslərə təsir imkanlarının artacağı qaçılmazdır. Dövlət başçısı türk dövlətlərinin Qarabağ məsələsində Azərbaycanla həmrəylik nümayiş etdirdiyinə də diqqət çəkdi və Azərbaycan torpaqlarının azad olunması prosesində Türk dünyasından gələn mənəvi dəstəyə də toxundu. Həmçinin, torpaqlarımızın işğaldan azad edilməsindən sonra TDT-yə daxil olan ölkələrin Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında oynadıqları rolu yüksək qiymətləndirdi. Bu məqamda vurğulanan əsas tezis ondan ibarət oldu ki, türk dövlətlərinin siyasi və mənəvi həmrəyliyi regional balansın formalaşmasında mühüm rol oynayıb. Bu yanaşma Türk dünyasının yalnız ortaq keçmişə deyil, ortaq məsuliyyətə və gələcəyə də sahib olduğunu göstərir. Cənab Prezidentin mesajında türk dövlətlərinin daha aktiv olması da zəruri sayılırdı və bəzi türk dövlətlərinin inteqrasiyada passiv olduğu vurğulanırdı. Düzdür, siyasi, mədəni birliyimiz, ortaq əlaqələrimiz var, inteqrasiya davam edir. Ancaq qloballaşan dünyada hərbi iqtisadi, hərbi siyasi mənada da inteqrasiya reallaşmalı və Türk dünyası real gücə çevrilməlidir.

Müsahibədə Orta Dəhliz və digər nəqliyyat-kommunikasiya layihələri Türk dünyasının inteqrasiyasında əsas amillərdən biri kimi dəyərləndirildi. Prezidentin bu məsələyə xüsusi diqqət ayırması təsadüfi deyil. Çünki nəqliyyat dəhlizləri türk dövlətlərini iqtisadi baxımdan yaxınlaşdırmaqla yanaşı, onların qlobal ticarət və enerji xəritəsində rolunu gücləndirir”.

İlham İsmayılov deyib ki, Azərbaycan Prezidentinin müsahibə zamanı diqqət çəkdiyi əsas məqamlardan biri də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi ilə bağlı oldu. ATXƏM sədri xatırladıb ki, dövlət başçısı bundan əvvəl də eyni təşəbbüslə çıxış etmişdir. Onun sözlərinə görə, günümüzdə türk dövlətləri arasında mədəni, siyasi, iqtisadi əlaqələrlə yanaşı, hərbi əməkdaşlığın inkişaf etdirilməsinə də ehtiyac var:

“Təsadüfi deyil ki, prezident İlham Əliyev dünyadakı təhlükəsizlik vəziyyətini şərh edərkən müasir dünyada ölkələr öz müdafiə potensiallarını gücləndirməli və qarşılıqlı təhlükəsizlik təminatına diqqət yetirməli olduqlarını deyib. O, Türk Dövlətləri Təşkilatı çərçivəsində üzv dövlətlərin birgə hərbi təlimlər keçirməsinin həm simvolik, həm də praktik baxımdan vacib olduğunu vurğulayıb. Hesab edirəm ki, dövlət başçısının bu təşəbbüsü günümüz, xüsusilə beynəlxalq təhdidlərin artdığı bir zamanda olduqca aktualdır. Birgə hərbi təlimlər gələcəkdə TDT-yə üzv ölkələrin çevik hərbi qüvvələrinin yaradılmasına da zəmin yarada bilər. Bu gün, NATO, KTMT, yaxud Avropa İttifaqının Ermənistana yerləşdirdiyi çevik qüvvələr varsa, o zaman nə üçün Türk Dövlətləri Təşkilatının hansısa hərbi birliyi olmasın?”.

ATXƏM sədri sonda onu da deyib ki, Prezident İlham Əliyevin yanvarın 6-da səsləndirdiyi fikirlər Türk dünyasının gələcək inkişaf trayektoriyasını aydın şəkildə göstərir.

Süleyman
Seçilən
46
newscenter.az

1Mənbələr