Bakı, 7 yanvar, AZƏRTAC
Azad edilmiş ərazilərin yenidən qurulmasına yönəldilən büdcə vəsaitlərinin idarə olunması fiskal dayanıqlılıq, mərhələlilik və nəticəyönümlülük prinsipləri əsasında həyata keçirilir və dövlətin uzunmüddətli inkişaf prioritetləri ilə sıx şəkildə uzlaşdırılır.
Bunu AZƏRTAC-a müsahibəsi zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
O qeyd edib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində maliyyə təminatının davamlı və ardıcıl şəkildə formalaşdırılması bu prosesin qısamüddətli təşəbbüs deyil, uzunmüddətli strateji planlama əsasında həyata keçirilən dövlət siyasəti olduğunu aydın şəkildə nümayiş etdirir.
“Eyni zamanda, Böyük Qayıdış prosesinin növbəti mərhələlərinin təmin olunması məqsədilə 2025-ci il üzrə dövlət büdcəsində 4,3 milyard manat məbləğində dövlət əsaslı vəsait qoyuluşu nəzərdə tutulub ki, bu da bərpa və yenidənqurma tədbirlərinin intensivliyinin qorunub saxlanıldığını göstərir. Bu yanaşma Böyük Qayıdış prosesinin yalnız qısamüddətli layihələrlə məhdudlaşmadığını, ərazilərin dayanıqlı inkişafının mərhələli və sistemli şəkildə təmin edilməsinə yönəldildiyini təsdiqləyir. Nəticə etibarilə, ayrılan və proqnozlaşdırılan maliyyə vəsaitləri dövlətin azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası prosesinə uzunmüddətli və məqsədyönlü yanaşdığını göstərir”,- deyə V.Qasımlı bildirib.
Müsahibənin tam versiyası ilə bu linkdə tanış ola bilərsiniz.