AZ

Semih Kılıçsoy İtaliyada qolları sıralamağa başlayıb - “Türkiyədə onun üzərində böyük təzyiq var idi”

İtaliya karyerasında yüksəlişə keçən Semih Kılıçsoy adından söz etdirməkdə davam edir.

"Football-plus,.az" xəbər verir ki, “Beşiktaş”ın yetirməsi olan 20 yaşlı istedadlı vinger bu mövsüm icarə əsasında “Kalyari”nin şərəfini qoruyur.

İlk vaxtlar yeni mühitə və yeni kluba alışmaqda çətinlik çəkən Semih son turlarda sürpriz qollar vurmağa başlayıb. Uyğunlaşma dönəmini tamamlayan və digər oyunçuların zədələnməsi sayəsində şans qazanmağa başlayan türkiyəli futbolçu bu şansı əla dəyərləndirir. 16-cı turda “Piza” ilə ev oyununda (2:2) bu mövsüm ilk dəfə start heyətində meydana çıxan Semih İtaliya karyerasında qol hesabını açmışdı. Ötən şənbə günü isə bu futbolçu “Torino” ilə səfər oyununda (2:1) yenə ilk “11-lik”də meydana çıxdı və yenə qol vurdu. Əvvəlki oyundan fərqli “Kalyari” bu dəfə qələbə hesabını qoruya bildi. Özü də istedadlı futbolçu mövsümün ən gözəl qollarından birini vurdu! Topu meydanın özünə aid hissəsində qəbul edən və yolüstü bir neçə rəqibini keçən Semih işlək olmayan sol ayağı ilə dəqiq zərbə endirdi. İtaliya mətbuatının yazdığına inansaq, “Kalyari” bu futbolçudan razıdı və mövsümün sonunda “Beşiktaş”a anlaşmada qeyd olunan 12 milyon avro ödəməklə onu daimi əsada transfer etmək niyyətindədi.

Bu arada Semihin meneceri Federiko Pastorello onunla bağlı İtaliya mətbuatına diqqətçəkən açıqlamalar verib:

“Vurduğu qollar onun böyük istedada malik olduğunu bir daha sübut edir. İki il öncə Türkiyədə ilk tam mövsümündə 12 qol vurmuşdu. Ona artıq yeni Arda Gülər gözü ilə baxırdılar. Çünki Ardadan sonra “Real”a yollana biləcək gənc ulduz kimi qəbul olunurdu. Ancaq həmin qollar onu populyarlaşdırmaqla yanaşı, üzərində çox böyük təzyiq yaratdı. Gənc yaşda bu təzyiqin yaratdığı acı reallıqla qarşılaşmalı oldu. “Beşiktaş” ona yox, təcrübəli oyunçulara üstünlük verməyə başladı. Bu üzdən ötən mövsüm məhsuldarlığı xeyli aşağı düşdü. “Kalyari”də sakit və əsl ailə ab-havası var. Ətrafındakı insanlar həmişə ona yardım etməyə hazırdı. Düzdü, hələ ki burda ciddi bir şeyə nail olmayıb. Amma həvəsdən düşməyərək öz şansını gözlədi. Sonra da əlinə düşən fürsəti ən yaxşı şəkildə dəyərləndirməyi bacardı. Semihi belə gənc yaşda vətənindən kənara çıxarmağımızın səbəbi Türkiyədə ona yönələn təzyiqin həddən artıq artması ilə bağlıdı. “Beşiktaş” fanatların etirazından çəkindiyi üçün bu cür gənc və potensiallı futbolçunu daimi transfer hüququ ilə birlikdə icarəyə göndərmək istəmirdi. Uzun və çətin müzakirələrdən sonra onları razı sala bildik. Müqaviləyə 12 milyon avroluq daimi transfer maddəsi qoydurduq. “Beşiktaş” bu məbləğ sayəsində fanatların ciddi etirazından qurtuldu. Eyni şəkildə Semih də böyük təzyiqdən qurtuldu və gözdən uzaq yerdə yenidən parlamağa başladı”.
Seçilən
17
football-plus.az

1Mənbələr