AZ

Şahdağ beynəlxalq səviyyəli xizək kurortuna çevrilə bilər -AÇIQLAMA 

Prezident İlham Əliyev ötən günlərdə yerli telekanallara verdiyi müsahibə zamanı Azərbaycanı turistlər üçün cəlb edən meyarlardan da söz açıb. Dövlət başçısı qeyd edib ki, iki aydan sonra Şahdağda ilk dəfə xizəksürmə üzrə dünya çempionatı olacaq. 

Şahdağda ilk dəfə xizəksürmə üzrə dünya çempionatının olması turistlərin əraziyə axınına necə təsir edəcək?

Turizim eksperti Rəhman Quliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, əsas amillərdən biri media görüntüləridir.

Onun sözlərinə görə, beynəlxalq yayım və xəbərlər Şahdağı milyonlarla tamaşaçıya tanıdacaq:

"Şahdağın brend dəyəri artacaq. Dünya çempionatı keçirilən məkan kimi tanınması onu regional deyil, beynəlxalq səviyyəli xizək kurortuna çevirə bilər. Qış turizminə davamlı maraq artacaq. Yarışdan sonra da peşəkar və həvəskar xizəkçilərin, eləcə də qış istirahətini sevən turistlərin sayı arta bilər. Yeni bazarlara çıxış daha əlçatan olacaq. Avropa və Asiya ölkələrindən gələn turistlər üçün Azərbaycan alternativ qış turizmi istiqaməti kimi formalaşa bilər".

Müsahibimiz infrastruktur və investisiya effektindən da danışdı:

"İnfrastrukturun təkmilləşdirilməsi həyata keçəcək. Ən önəmli məsələ isə yarışa hazırlıq çərçivəsində yollar, təhlükəsizlik və xidmət keyfiyyəti yüksəlir ki, bu da sonradan turistlər üçün daimi üstünlükdür. Yeni investisiyaların cəlb olunması da istisna deyil, beynəlxalq status özəl sektorun marağını artıra bilər.

Nəticə olaraq deyə bilərəm ki, Şahdağda dünya çempionatının keçirilməsi turist axınını artırmaq üçün güclü katalizatordur. Düzgün idarəetmə və davamlı tanıtım olarsa, bu hadisə Şahdağı və ümumilikdə Azərbaycanı qış turizmi üzrə beynəlxalq xəritədə daha möhkəm mövqeyə çıxara bilər".

Aytəkin TOFİQQIZI

Seçilən
91
1
redaktor.az

2Mənbələr