
İranda davam edən kütləvi etiraz aksiyaları fonunda Güney Azərbaycanın Təbriz, Ərdəbil və Zəncan şəhərlərinə əlavə təhlükəsizlik və hərbi qüvvələr yeridilib.
İslam Respublikasının silahlı və təhlükəsizlik qüvvələrinə ünvanladığı videomüraciətdə SÜRGENDƏ OLASN şahzadə Rza Pəhləvi onları xalqa qoşulmaq üçün son fürsəti əldən verməmələri barədə xəbərdar edib.
İran Kürdüstanındakı yeddi partiya, 8 yanvar Cümə axşamı günü ölkə miqyaslı etirazları dəstəkləmək üçün Kürdüstanda və kürdlərin yaşadığı ərazilərdə ümumi tətil çağırışı etdi.
Şahzadə Rza Pəhləvi mesajında insanları 8 və 9 yanvar cümə axşamı və cümə günləri, eyni vaxtda, saat 20:00-da küçələrdə və ya hətta evlərindən şüarlar səsləndirməyə çağırıb.
Etirazlar fonunda aksiyaçılar birbaşa ABŞ prezidenti Donald Trumpa müraciət ediblər. Iran International telekanalına göndərilən yeni videolarda etirazçılar Trampdan onları qorumağı xahiş edir.
Kadrlardan birində qadın əlində ingiliscə “Tramp, sülhün simvolu. Qoy bizi öldürməsinlər” yazılmış plakat tutaraq fars dilində “Kömək edin, bizə kömək lazımdır” deyir. Digər görüntüdə isə eyni çağırış qırmızı boya ilə beton divara yazılıb.
Bu müraciətlər ABŞ prezidentinin Tehrana ünvanladığı xəbərdarlıqlardan sonra yayılıb. Tramp iki dəfə İran hakimiyyətini dinc etirazçıların öldürülməməsi barədə xəbərdar edib və əks halda ABŞ-ın müdaxilə edə biləcəyini bildirib.
İranda davam edən etiraz aksiyalarında azı 36 nəfər həlak olub. ABŞ-də yerləşən Human Rights Activists News Agency məlumatına görə, dekabrın 28-dən bəri ölənlər arasında 34 etirazçı və iki təhlükəsizlik əməkdaşı var. Həlak olanlardan dördü 18 yaşdan aşağıdır.
Etirazlar ölkənin 27 vilayətində, 92 şəhərdə və ümumilikdə 285 nöqtədə qeydə alınıb. Təhlükəsizlik qüvvələri indiyədək 2 mindən çox şəxsi saxlayıb. Onlarla etirazçının rezin və plastik güllələrlə yaralandığı bildirilir.
Onuncu günün əsas hadisəsi bazar tacirlərinin kütləvi tətili olub. Xüsusilə Məşhəd və Tehranın Böyük Bazarında qızıl, valyuta, parça və məişət malları satılan dükanların əksəriyyəti bağlanıb. Bu, küçə etirazları ilə iqtisadi narazılığın birləşdiyini göstərir.
Qərbi İranda, kürdlərin yaşadığı İlam vilayəti əsas gərginlik nöqtələrindən biri olaraq qalır. Malekşahi şəhərində həlak olan etirazçıların dəfn mərasimləri kütləvi anti-hökumət aksiyalarına çevrilib. Yeddi kürd müxalifət partiyası ümumi tətilə çağırış edib.
Hüquq müdafiəçilərini narahat edən əsas məqamlardan biri də xəstəxanalara müdaxilədir. Şahidlərin sözlərinə görə, İlamdakı İmam Xomeyni və Tehrandakı Sina xəstəxanalarında yaralı etirazçıların saxlanılması cəhdləri olub.
İran hakimiyyəti bəzi insidentlərlə bağlı araşdırma aparıldığını bildirsə də, ölkədə gərginlik hələ də davam edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta