AZ

Azərbaycanın bu kəndində Yeni il başqa cür keçdi...

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Yeni ili Kürdəmir rayonunun Mollakənd kəndində qarşıladım. Adətən ora gedəndə qohumlarımızın (əmi, xala) evində qalıram. Ev pis deyil, təmirlidir, yaşayış üçün lazımi şərait var. Amma qışda kənd həyatının necə ağır olduğunu bu səfərdə bir daha gördüm.

Sərt şaxtaya görə səhər yuxudan durub əl-üz yumaq belə problem olurdu. Evdə su tapılmırdı, çünki borular donmuşdu. Məcbur məhəllədəki balaca kanala gedib, buzu qırıb, soyuq su ilə əl-üzümü yuyurdum. XXI əsrdə, Yeni il səhəri insanın qarşılaşdığı mənzərəyə baxın…

Qaz hərdən hansısa səbəbdən kəsildiyi üçün ev daha da soyuyurdu. Üstəlik, işıqlar da sönürdü, zəng edib xahiş etdikdən sonra sağ olsunlar, yandırırdılar. İndi təsəvvür edin, kombisi olan, amma alternativ istilik sistemi olmayan evdə körpə, yaşlı və ya xəstə biri yaşayır. Bu insanlar qışı necə keçirir? Kənddə bir gecə qalmaq kifayət edir ki, bunu anlayasan.

Bir də yağış yağdı… Elə bil kənd tamamilə həyatdan küsdü. Marketə gedib çörək almaq belə mümkünsüz oldu. Küçələrdə palçıq dizə qədər idi, maşınlar sürüşür, piyadalar isə demək olar ki, hərəkət edə bilmirdi. Bir az yağış yağan kimi kəndin olmayan infrastrukturu iflic vəziyyətinə düşür.

Kəndin ümumi vəziyyəti ürəkaçan deyil. Xəstələndinsə, batdın! Mollakənd xəstəxanasının halı elədir ki, ora ümidlə yox, çarəsizlikdən gedirsən. Elə bil ermənilər xəstəxananı gülləbaran edib. Halbuki həmin tibb məntəqəsi normal təmir olunsa, azı 10 kəndin sakinlərinə xidmət edər. Garıs Əyribənddə isə bir aptek də yoxdur.

Şəxsi rahatlıqdan danışsaq, hər gün saçını yuyan bir insan olduğum üçün vedrədə su isidib, başımı yuyurdum. Bu səfərdən sonra indi daha yaxşı anlayıram ki, niyə kənddə olanların çoxu az maaşa razı olaraq Bakıya üz tutur. İnsan sadəcə yaşamaq yox, rahat yaşamaq istəyir. Hamı isti evdə oturmaq, suya, qaza, yola, həkimə problemsiz çıxış əldə etmək istəyir. Bu çoxmu böyük istəkdir?

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
globalinfo.az

1Mənbələr