Gürcüstanın Qardabani rayonunun Qara Təhlə kəndində baş verən insidentlə bağlı iki nəfər saxlanılıb, üç nəfər isə məsuliyyətə cəlb olunub.
Hafta.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesabında məlumat verilib. Məlumata görə, saxlanılan şəxslər bir neçə maddə ilə ittiham edilirlər.
İstintaqla müəyyən edilib ki, Qardabanidə yaşayan altı nəfər arasında yaranan mübahisə fiziki qarşıdurmaya keçib və nəticədə iki nəfərə soyuq silahla xəsarətlər yetirilib.
Bildirilir ki, hadisə zamanı, həmçinin bir nəfər qəsdən maşınını iki nəfərin üzərinə sürüb, nəticədə bir nəfər hadisə yerində ölüb. Təcili yardım heyəti dörd yaralı şəxsi isə xəstəxanaya çatdırıb.
Faktla bağlı istintaq davam etdirilir. Törədilmiş cinayət əməllərinə görə 20 ilədək həbs cəzası nəzərdə tutulur.