AZ

Zob xəstəliyi: İlkin əlamətləri nələrdir?- Endokrinoloq açıqladı

Zob dedikdə tibbi baxımdan qalxanabənzər vəzinin böyüməsi başa düşülür. Tibbdə bu anlayış məhz bu mənanı ifadə edir. Lakin xəstələr arasında “zob” anlayışı çox zaman fərqli şəkildə qəbul olunur. Bəzi xəstələr zobu vəzidə yaranan düyün kimi, bəziləri isə qalxanabənzər vəzinin boğazı sıxması, insanı boğması kimi təsəvvür edir. Halbuki tibbi termin olaraq zob – qalxanabənzər vəzinin böyüməsidir.Bu barədə endokrinoloq Səlim Əhədov Missiya.Az-a danışıb."Zobun əlamətləri isə olduqca geniş və müxtəlifdir. Bu əlamətlərə dəri quruluğu, halsızlıq, çəki artımı, təzyiqin dəyişməsi, xolesterinin yüksəlməsi, tez yorulma, depressiyaya meyillilik, bəzi hallarda əllərin əsəməsi, gözlərin böyüməsi, saç tökülməsi və digər simptomlar daxildir. Əlamətlərin bu qədər rəngarəng olması səbəbindən zob çox vaxt başqa xəstəliklərlə səhv salına bilər və diaqnostik xətalara yol verilə bilər. Məhz buna görə xəstələrin mütləq endokrinoloji dəyərləndirmədən keçməsi vacibdir. Yalnız endokrinoloq tərəfindən aparılan müayinə nəticəsində bu əlamətlərin qalxanabənzər vəzlə bağlı olub-olmaması dəqiq müəyyən edilə bilər",-endokrinoloq qeyd edib.Səlim Əhədovun sözlərinə görə, yod çatışmazlığı, qeyri-sağlam qidalanma və yüksək stress səviyyəsi qalxanabənzər vəz xəstəliklərinin həm yaranmasında, həm də ağırlaşmasında mühüm rol oynayır. Stress vəzinin fəaliyyətində mövcud problemləri daha da dərinləşdirir. Yod çatışmazlığı hormon sintezinin azalmasına səbəb olur, düzgün qidalanmama isə qalxanabənzər vəzin hormon istehsalında müxtəlif çatışmazlıqlarla özünü göstərə bilər. Bütün bu faktorlar hipoterioz və ya hipertireoz kimi funksional pozuntuların yaranmasına gətirib çıxara bilər. Həyat tərzi ilə bağlı tövsiyələr xəstəliyin növündən asılı olaraq dəyişir. Məsələn, hipoteriozlu xəstələrdə daha aktiv həyat tərzi, müntəzəm gəzinti və qidalanmaya nəzarət tövsiyə olunur. Hipertireozlu xəstələrdə isə əksinə, yüksək fiziki aktivlikdən uzaq durmaq, orqanizmi yormayan həyat tərzi seçmək məsləhət görülür."Qalxanabənzər vəz xəstəlikləri üçün hər kəsə uyğun vahid qidalanma sistemi mövcud deyil. Bəzi hallarda yodla zəngin qidalar tövsiyə olunduğu halda, bəzi xəstələrdə yod preparatları və yodlu qidalar məhdudlaşdırılır və ya tamamilə qadağan edilir. Vitamin və minerallar arasında isə xüsusilə selen, C vitamini, sink, maqnezium, D vitamini və B6 qalxanabənzər vəzin fəaliyyəti üçün faydalı hesab olunur. Lakin bu maddələr hər xəstəyə eyni şəkildə təyin edilmir. Onların qəbulu xəstəliyin tipi, diaqnoz və müayinələr zamanı aşkar edilən çatışmazlıqlara əsasən həkim tərəfindən müəyyən edilir",- Səlim Əhədov əlavə edib.

İlahə QənbərliMissiya.Az

Seçilən
91
missiya.az

1Mənbələr