ABŞ Dövlət Departamenti İranda baş verən hadisələrlə bağlı fars dilində bəyanat yayıb.
KONKRET.az-ın xəbərinə görə, bəyanatda vurğulanır ki, ölkədə etirazlar artıq on gündür davam edir və hakimiyyətin artan repressiyalarına baxmayaraq səngimək bilmir.
Məlumata görə, bütün ölkə üzrə bazarlarda, yaşayış məhəllələrində və universitetlərdə iranlılar küçələrə çıxaraq nümayişlər keçirirlər. Dövlət Departamentinin hesablamalarına əsasən, bu müddətdə azı 29 etirazçı öldürülüb, 1200-dən çox şəxs həbs olunub. Buna baxmayaraq, etiraz ruhu zəifləməyib.
“Zorakılıq və sərt cəzalarla təhdid olunmalarına baxmayaraq, iranlılar hələ də ədalət və azadlıq tələb edirlər. Onların bu qədər ciddi təhlükələr qarşısında göstərdiyi cəsarət doğrudan da heyrətamizdir”, — deyə bəyanatda qeyd olunur.
Vaşinqton etirazçılarda müşahidə olunan qətiyyətin, rejimin sərt təzyiqlərinə rəğmən, ədalətin qalib gələcəyi ümidini yaşatdığını vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az