İstanbul, 7 yanvar, Günel Karatepe, AZƏRTAC
44 günlük Vətən müharibəsi, əslində, bir sülh əməliyyatı idi. Qarabağ Zəfərindən sonra Qafqaz coğrafiyasına sülh və sabitlik gəldi. Dünənədək atəş yeri olan bu bölgə indi quruculuq mərhələsindədir. İnanıram ki, növbəti beş ildən sonra Şuşa, Ağdam, Füzuli tanınmaz dərəcədə gözəl, müasir şəhərlər olacaq. Deməli, Qafqaz coğrafiyasına davamlı sabitlik və sivilizasiya gəlib. Həyata keçiriləcək Zəngəzur dəhlizi ilə də bölgə dünya ilə inteqrasiya olunacaq. Daha açıq desək, Qafqaz coğrafiyası Asiya və Avropa ilə birləşəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri professor Akkan Suverin Türkiyənin “Gözlem” qəzetində dərc olunan “Beş ilin mühasibəsi” başlıqlı məqaləsində yer alıb. Yazıda Qarabağ Zəfərindən sonra bölgədə formalaşan geosiyasi vəziyyəti təhlil edən professor sülh şəraitində rifah və əmin-amanlıq formalaşdığını vurğulayıb: “Bu yeni vəziyyət bölgənin deyil, bölgə xaricindəki ölkələrin maraqlarına uyğun gəlmir. Dərhal əlavə etmək istəyirəm ki, Ermənistan dövləti həqiqətin fərqindədir. Azərbaycanın öz torpaqlarına gətirdiyi sülhü və sabitliyi görür. Bu gün bölgə nəfəs alır. Azərbaycan Prezidenti İlham Əliyevin yüksək rəhbərliyi ilə Qafqaz coğrafiyasında yaradılan sülh və sabitlik mühitinin aradan qaldırılması üçün bu günlərdə bəziləri yalanları özlərinə yol göstəricisi edirlər. Dünən susaraq baş verən qətliamları seyr edənlər bu gün ağılagəlməz yalanlar yayırlar. Ermənistan dövləti illər əvvəl yol verilən səhvin fərqindədir. O səhv Ermənistana yoxsulluq, tənhalıq və səfalət gətirdi. Məncə, bugünkü erməni rəhbərliyi bu yanlışın gec də olsa fərqinə varıb. Bu fərqindəlik Qərbin bəzi mərkəzlərini narahat edir”.
Avropa İttifaqının uzun illər Ermənistan–Azərbaycan münaqişəsində izləyici rol oynadığını vurğulayan Akkan Suver bildirib: “Halbuki İlham Əliyev və onun silahdaşları təxminən dörddəbir əsr bu problemi danışıqlar yolu ilə, masa arxasında həll etmək istədilər. Nəticədə Azərbaycan faktiki olaraq özünümüdafiə mövqeyi tutdu və görülməli olanı gördü. Bu uğurlu əməliyyata mane olmaq istəsələr də, buna nail ola bilmədilər. Dünən erməni vəhşiliklərini görməzlikdən gələnlər bu gün əldə olunan sülhdən narahatdırlar. Halbuki artıq beş ildir bölgədə sabitlik hökm sürür. Silah səslərini tikinti texnikalarının səsi əvəz edib. Azərbaycan Prezidenti dürüst, səmimi və humanist siyasətini davam etdirir. Evini, bağını tərk etməyən heç bir erməniyə “get” deyilməyib”.
Məqalədə qeyd edilib ki, illər əvvəl erməni komitəçilərinin törətdiyi soyqırımı və işğal dövründə yaşanan əzablar unudulmayıb. Onların əsas qorxusu baş verən bu soyqırımı və vəhşilikləri Azərbaycanın dilə gətirməsi, bu haqsızlıqların beynəlxalq məhkəmələrdə araşdırılaraq üzə çıxarılmasıdır. Avropa o günləri izləyib, daha sonra isə danışmaqla illəri hədər edib. Beş il əvvəl həyata keçirilən sülh əməliyyatı ilə bu gün Qafqaz coğrafiyasında insanlıq layiq olduğu sivilizasiyanı sülh içində yaşayır. Azərbaycan dünən haqlı idi, bu gün isə haqlılığının gücü ilə Qafqaz sülh və sabitliyin rəmzinə çevrilib. Narahatlığın mənbəyi isə münaqişənin bitmiş olmasıdır.