AZ

Azərbaycan həyata keçirdiyi dövlət siyasətində ardıcıl və planlı yanaşma sərgiləyir RƏY

Bakı, 7 yanvar, AZƏRTAC

2025-ci il Azərbaycan üçün sülh dövrünün başlanğıcı oldu. Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində qeyd etdiyi kimi, müharibəyə siyasi nöqteyi-nəzərdən son qoyulub və biz artıq sülh şəraitində yaşayırıq. Sülh dövrünün başlanması regionda stabil və inkişaf edən əməkdaşlıq şəraitinin yaradılması baxımından böyük əhəmiyyət daşıyır. Bu, yalnız müharibənin başa çatması deyil, eyni zamanda, Azərbaycan, bütövlükdə Cənubi Qafqaz üçün yeni regional reallıqların formalaşması deməkdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Azərbaycanın həyata keçirdiyi dövlət siyasətində ardıcıl və planlı yanaşma sərgilədiyini diqqətə çatdıran deputat əlavə edib: “Dövlətimizin əsas prioritetləri olan sülhün və sabitliyin təmin edilməsi, davamlı iqtisadi inkişaf və regional əməkdaşlığın genişləndirilməsi həm ölkənin daxili inkişafına, həm də Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir”.

S.Məmmədov bildirib ki, enerji və nəqliyyat infrastrukturuna yatırılan investisiyalar regionda Azərbaycanın strateji mövqeyini möhkəmləndirir. “Azərbaycan bölgədə davamlı sabitliyin, əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Ölkəmizin bu siyasəti iki mühüm strateji məqsədi hədəfləyir: Azərbaycan bir tərəfdən mövcud imkanlar, iqtisadi potensial, enerji layihələri, beynəlxalq nüfuzundan faydalanaraq regionda davamlı sülh və sabitlik mühitinin yaradılmasına çalışır. Digər tərəfdən, bu sülh və sabitliyi əməkdaşlıq, iqtisadi inkişafın vacib şərti kimi qəbul edir. Məhz bu kontekstdə yanaşsaq, birmənalı olaraq qeyd etmək lazımdır ki, Prezidentin “Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik” ifadəsi Cənubi Qafqaz ölkələrinin yeni reallığa adaptasiyası üçün çağırış kimi qəbul edilməlidir”, -deyə Milli Məclisin deputatı vurğulayıb.

Seçilən
91
azertag.az

1Mənbələr