AZ

Şimal bölgəsinin pravoslavları Milad bayramını qeyd edirlər FOTO

Xaçmaz, 7 yanvar, Elxan Yusifli, AZƏRTAC

Yanvarın 7-də Xaçmazda yerləşən “Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsində Milad bayramı qeyd olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin şimal rayonlarında yaşayan pravoslav xristian icmasının üzvləri kilsəyə gələrək dini ayinlər icra edib, dualar oxuyublar.

Mərasimdə Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı bayram təbriki oxunub. Bildirilib ki, Azərbaycanda yüz illərdir ayrı-ayrı xalqlar və etiqadlar arasında qarşılıqlı hörmət və etimada, mehriban dostluq və qardaşlığa əsaslanan milli-mənəvi həmrəylik mühiti hökm sürür.

Pravoslavlar üçün Milad ən müqəddəs bayramlardandır. Bayramdan əvvəl 40 günlük Milad orucu tutulur. Bu, cismin və ruhun təmizlənməsi məqsədi daşıyır. Milad bayramı yanvarın 6-da ilk ulduzun görünməsi ilə qeyd olunmağa başlayır. Bu, İsa peyğəmbər doğularkən görünən Beytləhm ulduzunu yad etmək üçündür.

“Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsinin baş keşişi, ieromonax Qeorqiy Budaqov bildirib ki, Azərbaycanda da qeyd olunan Milad bayramı özündə yeniliyi, əmin-amanlığı, mərhəmət və şəfqət duyğularının təntənəsini təcəssüm etdirir. İsa peyğəmbərin mübarək mövludu ilə əlamətdar olan bu bayram hər il yüksək səviyyədə qeyd olunur.

Bayramla əlaqədar əvvəlcədən xüsusi hazırlıq görülüb, şirniyyatlar bişirilib. Dini ayinlərin icrasından sonra bayram şirniyyatları paylanılıb.

Milad bayramı ilə əlaqədar yanvarın 6-dan 7-nə keçən gecə Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadət mərasimləri keçirilib.

 

Seçilən
118
azertag.az

1Mənbələr