Bakı, 7 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin 2025-ci ilin yekunları və ölkəmizin 2026-cı il hədəfləri ilə bağlı yerli televiziya kanallarına verdiyi müsahibə Azərbyacan və dünya ictimaiyyəti tərəfindən geniş maraq doğurdu. Dövlət başçısı müsahibədə xarici siyasət, sülh quruculuğu, iqtisadi siyasət və sosial məsələlər başda olmaqla bir çox vacib nöqtələrə toxunub.
Dövlət başçısının verdiyi müsahibə Azərbaycanın müasir siyasi tarixinin mühüm mərhələsini sistemli şəkildə təhlil etməyə imkan yaradır. Dövlət başçısının səsləndirdiyi fikirlər göstərir ki, 2025-ci il təkcə bir təqvim ili deyil, həm də ölkəmizin onilliklər boyu üzləşdiyi müharibə reallıqlarından çıxaraq sülh və dayanıqlı inkişaf mərhələsinə keçidinin rəmzidir. Bu müsahibə həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan aydın siyasi mesajlarla zəngindir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, politoloq Kazım Kazımov söyləyib.
“Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münaqişəsinin tarixən keçdiyi mərhələləri xatırladaraq vurğulayıb ki, Azərbaycan xalqı uzun illər müharibə şəraitində yaşamağa məcbur olub. Prezident İlham Əliyevin vurğuladığı kimi, məhz həmin tarixdə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyulub.
Bu fikirlər Azərbaycanın artıq münaqişədən sonrakı dövrü deyil, birbaşa sülh dövrünü yaşadığını təsdiqləyir. Prezidentin “sülh şəraitində yaşamağı öyrənirik” ifadəsi isə bu prosesin təkcə siyasi deyil, həm də psixoloji və sosial baxımdan yeni mərhələ olduğunu göstərir”, - deyə müsahibimiz qeyd edib.
Onun sözlərinə görə, müsahibədə xüsusi yer tutan məqamlardan biri 2025-ci ilin avqustunda Ağ Evdə baş tutmuş Azərbaycan-Ermənistan-ABŞ liderlərinin görüşüdür. Prezident İlham Əliyev bu hadisəni Azərbaycanın hərbi qələbəsinin siyasi müstəvidə rəsmiləşdirilməsi kimi dəyərləndirib. Dövlət başçısının vurğuladığı kimi, Ağ Ev görüşü Azərbaycanın qurduğu yeni reallıqların artıq qlobal güc mərkəzləri tərəfindən qəbul edildiyini nümayiş etdirir. Bu görüş regionda davamlı sülhün bərqərar olması baxımından mühüm beynəlxalq təminat rolunu oynayır və Azərbaycanın diplomatik manevr imkanlarının nə qədər geniş olduğunu bir daha təsdiqləyir.
K.Kazımov qeyd edib ki, Prezident İlham Əliyevin müsahibəsində diqqətə çatdırdığı digər mühüm məqam Azərbaycanın 2025-ci ildə bir sıra nüfuzlu beynəlxalq platformalara üzv olmasıdır. Dövlət başçısı D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına və Asiya Məşvərət Şurasına üzvlüyü Azərbaycanın xarici siyasətinin çoxşaxəli xarakterinin göstəricisi kimi qiymətləndirib. Bu üzvlük Azərbaycanın İslam dünyası, Asiya qitəsi və inkişaf etməkdə olan ölkələrlə əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.
Politoloq bildirib ki, Çin Xalq Respublikası ilə münasibətlər də Prezident tərəfindən xüsusi olaraq uğurlu istiqamət kimi qeyd olunub: “Azərbaycanın Çinlə qurduğu strateji tərəfdaşlıq enerji, nəqliyyat, logistika və ticarət sahələrində yeni imkanlar açır. Orta dəhlizin inkişafı fonunda Azərbaycan Çinlə Avropa arasında mühüm tranzit qovşağına çevrilməkdədir ki, bu da ölkəmizin geosiyasi əhəmiyyətini daha da artırır.
Üstəlik, ABŞ və Çinlə bu gün eyni vaxtda əlaqələri inkişaf etdirmək, Azərbaycanın siyasi çevikliyinin və diplomatik gücünün bariz nümunəsidir. Dövlətimiz, XX əsrin, daha dəqiq desək, “soyuq müharibə”nin qalığı olan və bu gün hələ də çox sayıda dövlətin hərəkət etdiyi “ya Qərb ya da Şərq” prinsipini çoxdan arxaik bir məntiq kimi qiymətləndirir. Azərbaycan uzun illərdir ki, Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı və İlham Əliyevin uğurla davam etdirdiyi çoxvektorlu xarici siyasəti əsas prinsip kimi qəbul edir. Beləcə Azərbaycan dövlət maraqlarını əsas tutaraq həm Şərq ölkələri, həm də Qərb ölkələri ilə əlaqələrini güclü şəkildə inkşaf etdirir”.
O əlavə edib ki, Prezident İlham Əliyev müsahibəsində ABŞ-la münasibətlər kontekstində 907-ci düzəlişin düzəlişin ləğv ediləcəyinə əminliyini ifadə edərək bunun Azərbaycanın sülh gündəliyinə və regional sabitliyə verdiyi töhfənin nəticəsi olduğunu vurğulayıb. Bu addımın atılması Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə aça və əməkdaşlığı daha praqmatik müstəviyə keçirə bilər.
Prezident İlham Əliyevin Ermənistanla sülh prosesi ilə bağlı fikirləri müsahibənin ideya mərkəzini təşkil edir. Dövlət başçısının sözlərinə görə, Azərbaycan sülhü qalib dövlət kimi diktə etmir, əksinə, beynəlxalq hüquqa və ədalətə əsaslanan real sülh modeli təklif edir. Bu sülh modeli regionda uzun illər davam edən qarşıdurmadan sonra Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirməyə yönəlib.
“Müsahibənin yekun məntiqi ondan ibarətdir ki, 2025-ci il Azərbaycanın müstəqillik tarixində xüsusi yer tutacaq. Beləliklə, dövlət başçısının müsahibəsi Azərbaycanın öz gücünə, prinsipial mövqeyinə və ardıcıl siyasətinə əsaslanaraq regionda yeni siyasi reallıq yaratdığını bir daha təsdiqləyir. Qələbədən sülhə aparan bu yol Azərbaycan dövlətinin strateji düşüncəsinin, diplomatik peşəkarlığının və milli maraqlara söykənən siyasətinin nəticəsi kimi tarixə düşür”, - deyə politoloq fikrini yekunlaşdırıb.