AZ

Prezidentin fikirləri Türk Dövlətləri Təşkilatı üçün ciddi şəkildə dəyərləndirilməli olan strateji çağırışlardır – ŞƏRH

Bakı, 7 yanvar, AZƏRTAC

Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə növbəti dəfə təkcə Azərbaycan deyil, bütövlükdə region, Türk dünyası və ümumilikdə beynəlxalq ictimaiyyət üçün son dərəcə mühüm mesajlar səsləndirib. Bu mesajların arasında, xüsusilə, Türk dünyasının birliyi ilə bağlı irəli sürülən tezislər diqqət çəkir.

Bu barədə AZƏRTAC-a siyasi şərhçi Mübariz Göyüşlü bildirib.

O deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində son dərəcə təşəbbüskar və aparıcı rol oynayır. Dövlətimizin başçısının Qəbələdə keçirilmiş görüşə və Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə toplantısına xüsusi diqqət ayırması onu göstərir ki, Azərbaycan artıq Türk dünyasında ideya və təşəbbüs mərkəzi kimi çıxış edir:”Məhz qeyri-rəsmi zirvə görüşləri ənənəsinin Azərbaycanın təşəbbüsü ilə formalaşması bu baxımdan mühüm siyasi göstəricidir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində gündəm müəyyən edən, təşəbbüslər irəli sürən və bu təşəbbüslərin reallaşmasında ciddi rol oynayan ölkədir. Bu mənada Azərbaycan artıq prosesləri formalaşdıran dövlət kimi xarakterizə oluna bilər”.

Siyasi şərhçi vurğulayıb ki, Prezident müsahibəsində mövcud qlobal reallıqlara da olduqca dəqiq və realist qiymət verib. “Bu gün dünyada baş verən hadisələr onu göstərir ki, beynəlxalq hüquq faktiki olaraq işlək mexanizm kimi öz əhəmiyyətini itirib. Əgər mövcuddursa, daha çox kağız üzərində qalır. Reallıq ondan ibarətdir ki, müasir beynəlxalq münasibətlər sistemində güc amili hüquqdan üstün mövqedə dayanır. Belə bir şəraitdə isə təkbaşına çıxış etmək səmərəli deyil. Gücün formalaşdırılması üçün müttəfiqlərin olması, qarşılıqlı dəstək mexanizmlərinin qurulması həlledici əhəmiyyət daşıyır. Yalnız birgə formalaşdırılan güc vasitəsilə ədalətin və maraqların qorunması mümkün olur. Prezident İlham Əliyevin vurğuladığı bu yanaşma bugünkü qlobal siyasi reallığın obyektiv təsviridir”, - deyə o diqqətə çatdırıb.

Mübariz Göyüşlü qeyd edib ki, bu kontekstdə məsələ Türk Dövlətləri Təşkilatına tətbiq olunduqda, artıq inteqrasiyanın keyfiyyətcə yeni mərhələyə keçməsi zərurəti ortaya çıxır:”Prezidentin birgə hərbi təlimlərin keçirilməsi ilə bağlı irəli sürdüyü təklif bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs, ilk növbədə, Türk dünyasına və beynəlxalq ictimaiyyətə simvolik, eyni zamanda, strateji mesajdır: Türk dövlətləri yalnız mədəni, iqtisadi və siyasi sahələrdə deyil, təhlükəsizlik məsələlərində də birgə mövqe nümayiş etdirmək potensialına malikdirlər. Digər tərəfdən, bu, real təhlükəsizlik çağırışları fonunda qarşılıqlı əlaqə və koordinasiyanın gücləndirilməsinə hazırlıq mesajıdır. Bu təklifin hərbi blokun yaradılması anlamına gəlmədiyini də xüsusi vurğulamaq lazımdır. Məsələ hazırkı mərhələdə yalnız birgə hərbi təlimlərin vacibliyinin önə çəkilməsidir. Lakin əməkdaşlığın bu templə və perspektivlə davam etməsi gələcəkdə daha dərin təhlükəsizlik mexanizmlərinin formalaşdırılmasını da istisna etmir”.

Siyasi şərhçi xatırladıb ki, hazırda Azərbaycan, xüsusilə, Türkiyə ilə Şuşa Bəyannaməsi və digər mühüm sənədlər əsasında rəsmi müttəfiqlik münasibətlərinə malikdir. Bu münasibətlər siyasi, diplomatik, hərbi, iqtisadi, ticarət, enerji və nəqliyyat sahələrini əhatə edən yüksək səviyyəli strateji tərəfdaşlıq modelidir. “Hesab etmək olar ki, bu modelin türk dövlətləri səviyyəsində, ikitərəfli və çoxtərəfli formatlarda tətbiq edilməsinin zamanı artıq çatıb. İqtisadi, enerji və nəqliyyat sahələrində mövcud əməkdaşlıq təhlükəsizlik müstəvisində də tamamlanmalıdır. Bu baxımdan Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Türk Dövlətləri Təşkilatı üçün ciddi şəkildə dəyərləndirilməli olan strateji çağırışlardır. Çünki türk dövlətlərini oxşar təhlükə və təhdidlər əhatə edir və bu təhlükələrdən çıxış yolu yalnız birgə, qarşılıqlı və koordinasiyalı əməkdaşlıqdan keçir. Azərbaycanın Türk dünyasının birliyinə verdiyi bu töhfə öz mahiyyətində ədalətə, məsuliyyətə, sülhə və sabitliyə xidmət edir”, - deyə Mübariz Göyüşlü diqqətə çatdırıb.

Seçilən
69
azertag.az

1Mənbələr