Manhettanın (Nyu- Yorkun mərkəzi küçələrindən biri) məşhur “Diamond District” ərazisində fəaliyyət göstərən “TraxNYC” zərgərlik brendinin sahibi, azərbaycanlı zərgər Maksud Ağacani ötən gün aldadılan müştərinin haqqını müdafiə edib. Bu barədə çəkilən video sosial şəbəkədə geniş yayılıb.
Musavat.com xəbər verir ki, videoda Maksud Ağacani müştərinin üzləşdiyi zərəri tam olaraq qarşıladığını və onu aldadan şəxsləri cəzalandıracağını bildirir.
Maksud Ağacani 1986-cı ildə Bakıda anadan olub. O, 7 yaşında yəhudi əsilli ailəsi ilə birlikdə Nyu-Yorka köçüb. 18 yaşında qızıl zinət əşyalarının satışı ilə məşğul olmağa başlayıb və qısa müddətdə öz brendini yaradaraq zərgərlik dünyasında tanınıb. Mübahisənin səbəbi onun adından və brendindən qanunsuz istifadə edilməsi olub. İddiaya görə, bir müştəri “TraxNYC” adı ilə aldadılıb: ona 14 ayar qızıl kimi təqdim edilən qolbaq sonradan daha aşağı ayarlı çıxıb. Bundan əlavə, VVS keyfiyyətli brilyant kimi satılan daşların əslində daha aşağı keyfiyyətli olduğu müəyyənləşib. Həmin zinət əşyası təxminən 22 min dollara satılıb. Müştəri şübhələnərək məhsulu birbaşa “TraxNYC”-yə gətirəndə həqiqət üzə çıxıb. Hərçənd Maksud Ağacani bu satışda birbaşa iştirak etməyib, buna baxmayaraq o, müştərinin zərərini tam qarşılayıb — 22 min dolları geri qaytarıb və üstəlik əlavə 1 000 dollar kompensasiya ödəyib. Videoda Maksud Ağacani belə deyir: “Müştərimin zərərini qarşıladım. İndi bu pulu fırıldaqçılardan geri alacağam”.
Hadisə zamanı qarşı tərəf ona fiziki təzyiq göstərməyə çalışıb, lakin polisin müdaxiləsi mübahisəni dayandırıb. Nəticədə dələduzlar həbs olunub.
Maksud Ağacani lüks və fərdi dizayn zərgərlik məmulatları ilə tanınır. O, həmçinin 2019-cu ildə çəkilmiş “Uncut Gems” filmində rol alıb; filmdə də onun obrazı qızıl və zinət əşyalarının satışı ilə bağlı idi. Instagram-da onun 4 milyona yaxın izləyicisi var. O, azərbaycanlı olduğunu heç vaxt gizlətmir; əksinə, tez-tez atası və Bakıyla bağlı xatirələri haqqında danışır.