Bakı, 7 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin yerli televiziya kanallarına ənənəvi yanvar müsahibəsi qarşıdan gələn dövrdə ölkənin xarici siyasətinin konturları haqqında aydın mənzərə yaratdı. Müsahibənin əsas məqamları isə nəinki yerli, eləcə də xarici media subyektlərində geniş işıqlandırılıb.
Latın Amerikası, Uzaq Şərq, Şərqi Avropa və Yaxın Şərqdə cərəyan edən hadisələr müstəvisində daha da mürəkkəbləşmiş geosiyasi vəziyyətdə Azərbaycanın hansı mövqe tutması şübhəsiz ki, ən mühüm sualdır. Dövlətimizin başçısının müsahibəsindən aydın olur ki, beynəlxalq hüququn artıq işləmədiyi dövrdə Azərbaycan təhlükəsizliyini qorumaq üçün özünün hərbi və iqtisadi gücünü artırmağa və türk dövlətləri ilə müttəfiqlik münasibətlərini sıxlaşdırmağa bel bağlayır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Qaya Məmmədov söyləyib.
O qeyd edib ki, Azərbaycan postsovet ölkələrinin öz dövlət müstəqilliyini möhkəmləndirmələri məqsədilə onlar arasında münasibətləri genişləndirmək üçün hələ 1990-cı illərdən müxtəlif təşəbbüslər irəli sürürdü. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanı (və bir müddət Özbəkistanı) özündə birləşdirən GUAM-ın yaradılması bu qəbildən ilk mühüm addım idi. 2009-cu ildə Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (sonra Türk Dövlətləri Təşkilatına çevrildi) təsis edilməsi, Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına üzv kimi qəbul edilməsi bu istiqamətdə növbəti mühüm inkişaflardır.
Azərbaycanın bu formatların hamısında iştirakı, coğrafi mövqeyi və fəallığı onu Avrasiyanın mərkəzində aparıcı mövqeyə malik olmasına gətirib çıxarır. Bu formatlar arasında, xüsusilə böyük potensiala malik olan Türk Dövlətləri Təşkilatıdır. Türk Dövlətləri Təşkilatının ortaq dəyərlərə əsaslanması, onun strateji coğrafiyada yerləşməsi, iqtisadi potensialı və ən əsası türk dövlətlərinin bir-birilərinə duyduqları obyektiv ehtiyac onların təşkilat çərçivəsində bütün sahələrdə, xüsusən qarşılıqlı etimadı daha da gücləndirəcək hərbi sahədə sıx əməkdaşlıq etmələrini şərtləndirir.
“Hazırda dünyada cərəyan edən bir sıra çağırışlar vardır ki, onların öhdəsindən təklikdə gəlmək çox çətindir. Vahid səslə çıxış edən Türk Dövlətləri Təşkilatı bu çağırışları dəf etməyə, güclü iqtisadi əməkdaşlıq formatı kimi üzv ölkələrin rifahının güclənməsinə yardım edər və bu təşkilatı dünyanın əsas güc mərkəzləri üçün konstruktiv və etibarlı tərəf müqabilə çevirərdi.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən dil, o cümlədən müstəmləkə keçmişinin fəsadları məsələləri bir sıra digər türk dövlətləri üçün də aktualdır. Bu müstəvidə dövlətimizin başçısının hələ 2022-ci il Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə etdiyi çıxışında Ana dili məsələsi barədə ifadə etdiyi fundamental fikirləri xatırlamaq yerinə düşür. Ümid etmək olar ki, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçiriləcəyi 2026-cı ildə türk dövlətləri əcdadlarımızın “Dildə, fikirdə, işdə birlik” çağırışına uyğun olaraq milli dəyərlərin qorunması və müttəfiqlik, qardaşlıq münasibətlərinin sıxlaşdırılması istiqamətində mühüm qərarlara imza atacaqlar”, - deyə Q.Məmmədov vurğulayıb.