AZ

Bakıda velosipedçilər üçün yeni svetofor bölmələri quraşdırıldı - qanun nə deyir, sürücülər nə bilməlidir?

Bakıda velosiped və kiçik elektrik nəqliyyat vasitələrindən istifadə edənlərin təhlükəsizliyinin artırılması istiqamətində mühüm addım atılıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Musavat.com-a verilən məlumatına görə, paytaxtın 47 yolayrıcında mövcud svetoforlara ümumilikdə 115 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib. Yeni nəsil LED işıqlandırma ilə təchiz olunan bu bölmələr mikromobilliyin inkişafına, velosipedçilərin yolayrıclarında daha təhlükəsiz və nizamlı hərəkətinə xidmət edir.

Hazırda velosiped bölmələri aşağıdakı ünvanlarda istifadəyə verilib:

-Yasamal rayonu - Hüseyn Cavid prospekti ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsi;

 Səbail rayonu - Neftçilər prospekti ilə Bülbül prospektinin kəsişməsi;

 Səbail rayonu - Xaqani küçəsi ilə Azadlıq prospektinin kəsişməsi;

 Xətai rayonu - İzzət Orucov küçəsi ilə Sabit Orucov küçəsinin kəsişməsi.

Bu addım Bakıda alternativ nəqliyyat vasitələrindən istifadənin artdığı bir dövrdə həm sürücülər, həm də velosipedçilər üçün yol hərəkəti mədəniyyətinin formalaşdırılması baxımından əhəmiyyətli hesab olunur.

Bəs qanun velosipedçilərə hansı hüquqları verir?

Tanınmış vəkil Cavad cavadov Musavat.com-a deyib ki, “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, velosiped də yol hərəkətinin tamhüquqlu iştirakçısıdır.  Velosiped idarəetmə hüququ 14 yaşdan başlayır: “Qanuna görə, mexaniki nəqliyyat vasitələrinin sürücüləri yolun ən müdafiəsiz iştirakçıları sırasında göstərilən velosipedçilərin təhlükəsizliyini təmin etmək üçün bütün mümkün tədbirləri görməyə borcludurlar. Bu müddəa avtomobil sürücülərinin velosipedçilərə qarşı məsuliyyətini açıq şəkildə müəyyən edir”.

Cavad Cavadov deyib ki, velosipedçilərin də vəzifələri qanunla müəyyən edilib: “Qanunvericilik velosiped sürücülərinə də bir sıra ciddi öhdəliklər qoyur. Velosipedçi xüsusi velosiped zolaqları ilə, onlar olmadıqda isə yolun kənarı və ya yol çiyini ilə hərəkət etməlidir.  Yalnız texniki cəhətdən saz, qaydalara uyğun təchiz olunmuş velosipeddən istifadə olunmalıdır. Velosipedi idarə etməyə mane olan yük və ya sərnişin daşınması qadağandır. Avtomagistrallarda velosipedçilərin hərəkəti  isə qəti qadağandır. Velosipedlər yolun sağ kənar zolağı ilə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidir. Velosiped dəstələri 10 nəfərdən çox olmamalı, dəstələr arasında 80-100 metr məsafə saxlanılmalıdır”.

Cavad Cavadov velosipedçilərə qadağan olunan hərəkətləri də sadalayıb: “Qanun velosiped sürücülərinə aşağıdakı halları qadağan edir. Sükanı buraxaraq və ya dəbilqə qaydalarını pozaraq hərəkət etmək, velosipedin ölçülərindən 0,5 metrdən artıq çıxan yük aparmaq,  velosiped yolu olduğu halda avtomobil yoluna çıxmaq, sərnişin daşımaq, nasaz və qaydalara uyğun təchiz edilməyən velosipeddən istifadə etmək qadağandır.  Bundan əlavə, velosiped yolu ilə nizamlanmayan kəsişmələrdə velosipedçilər avtomobillərə yol verməlidirlər”.

Cavad Cavadov deyib ki, velosipedlər üçün ayrıca svetofor bölmələrinin tətbiqi yol-nəqliyyat hadisələrinin azalmasına, velosipedçilərin hüquqlarının praktikada daha yaxşı qorunmasına şərait yaradacaq: “Bu yenilik sürücülər üçün də əlavə məsuliyyət deməkdir. Yolayrıclarında artıq velosipedçilər ayrıca hərəkət iştirakçısı kimi nəzərə alınmalıdır. Bakının küçələrində velosipedlərin sayı ilə yanaşı qanuna hörmət  yol mədəniyyətinin göstəricisi olmalıdır”.

Seçilən
63
ekologiya.az

1Mənbələr