Adəm İsmayıl Bakuvi: “Azərbaycanın postmünaqişə konsepsiyası və 2026-cı ilin hədəfləri milli qüdrətimizin yeni təsdiqidir”
“Dövlət başçısı cənab İlham Əliyevin 2026-cı ilin ilk günlərində yerli televiziya kanallarına verdiyi müsahibə Azərbaycanın müasir tarixinin ən mühüm siyasi sənədlərindən biri kimi xarakterizə olunmalıdır. Bu müsahibə yalnız ötən ilin yekunu deyil, həm də gələcək onilliklərin strateji yol xəritəsidir. Cənab Prezidentin 2025-ci ili Ermənistan-Azərbaycan münaqişəsinin həm hərbi, həm də siyasi baxımdan tamamilə tarixin arxivinə gömüldüyü il kimi elan etməsi xalqımız üçün tarixi bir müjdədir. Dövlət başçısı bəyan etdi ki, biz artıq sülh reallıqları şəraitində yaşayırıq və bu sülhü öz gücümüzlə, qanımızla və sarsılmaz iradəmizlə qazanmışıq.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi deyib.
Partiya sədri bildirib ki, “Vəhdət Partiyası olaraq hesab edirik ki, cənab Prezidentin ordu quruculuğu ilə bağlı mesajları xüsusi diqqət mərkəzində olmalıdır. Zəfərdən sonra keçən beş il ərzində Azərbaycan ordusunun bir gün belə dayanmadan təkmilləşməsi, müasir texnologiyaların və yeni idarəetmə modellərinin tətbiqi dövlətimizin istənilən təhdidə hazır olduğunun nümayişidir. Prezidentin dediyi kimi, qazanılan uğurlar bizi arxayınlaşdırmamalı, əksinə, daha güclü olmağa sövq etməlidir.
Müsahibədə səslənən ən inqilabi hədəflərdən biri Azərbaycanın regional Süni İntellekt (AI) qovşağına çevrilmək planıdır. Bu, Azərbaycanın gələcək iqtisadi modelinin yalnız karbohidrogen resurslarına deyil, intellektual potensiala və rəqəmsal transformasiyaya söykənəcəyini təsdiq edir. Biz siyasi partiya olaraq bu kursu tam dəstəkləyirik, çünki texnoloji üstünlük müasir dünyada suverenliyin ən mühüm şərtidir. Bununla yanaşı, cənab Prezidentin ana dilimizin qorunması ilə bağlı həyəcan təbili çalması, xarici sözlərin dilimizi zədələməsinə qarşı çıxması hər bir azərbaycanlı üçün milli kimliyin qorunması dərsi olmalıdır.”
Beynəlxalq arenada Azərbaycanın çəkisinin hər keçən gün artdığını xüsusi vurğulayan müsahibimiz qeyd edib ki, “Dövlət başçısı ölkəmizin D-8 (İnkişaf etməkdə olan səkkizlər) təşkilatına yeni və yeganə üzv kimi qəbul edilməsini böyük nailiyyət adlandırdı. Bu, Azərbaycanın həm Türk dünyasında, həm də İslam coğrafiyasında mərkəzi oyunçu olduğunu bir daha sübut edir. Cənab Prezidentin Çin ilə strateji tərəfdaşlıq və Mərkəzi Asiyanı Qərblə birləşdirən yeganə etibarlı tranzit ölkə olmağımız barədə fikirləri Azərbaycanın qlobal logistik mərkəz kimi statusunu möhkəmləndirir.”
Adəm İsmayıl Bakuvi müsahibəsinin sonunda bildirib ki, “Qarabağ və Şərqi Zəngəzurun bərpası isə artıq sadəcə tikinti deyil, yeni bir mədəniyyətin formalaşmasıdır. Prezidentin Xankəndi və Ağdamın bölgənin əsas mərkəzləri olacağı, 2026-cı ilin sonuna qədər azad edilmiş torpaqlarda yaşayanların sayının 140 minə çatdırılacağı ilə bağlı hədəfləri "Böyük Qayıdış"ın miqyasını göstərir. Biz əminik ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2026-cı ildə daha böyük zirvələrə imza atacaq və xalq-iqtidar birliyi bu inkişafın sarsılmaz təməli olaraq qalacaqdır.”