AZ

Milli iradənin təntənəsi



Cənab Prezident İlham Əliyevin yerli mediaya son müsahibəsi sadəcə bir hesabat xarakteri daşımır; bu çıxış müasir Azərbaycanın gələcək fəaliyyətinin istiqamətlərini cızan fundamental bir yol xəritəsidir. Dövlət başçısı ölkəmizin regionda formalaşdırdığı yeni reallığı bu ifadə ilə bəyan etdi: "Bu gün Azərbaycan öz taleyini heç bir xarici diktə olmadan, müstəqil iradəsi və milli gücü ilə müəyyən edir." Bu mesaj, 2025-ci ilin hərbi zəfərin diplomatik müstəvidə tam rəsmiləşdirildiyi bir il olduğunun siyasi təsdiqidir. Dövlət başçısının mesajlarından aydın olur ki, Azərbaycan artıq "post-münaqişə" mərhələsini geridə qoyaraq, öz taleyini kənar müdaxilələr olmadan, tam müstəqil şəkildə müəyyən etdiyi yeni bir eraya qədəm qoyub. 2025-ci il bu baxımdan hərbi zəfərin diplomatik müstəvidə sarsılmaz qanunauyğunluğa çevrildiyi bir il kimi tarixləşdi.

Müsahibədə ən diqqətçəkən məqamlardan biri Zəngəzur dəhlizi ilə bağlı qətiyyətli mövqedir.  Prezident bu layihənin qaçılmazlığını və artıq beynəlxalq səviyyədə qəbul olunduğunu vurğulayaraq bildirdi: "Zəngəzur dəhlizinin reallaşması artıq həll olunmuş məsələ kimi qəbul edilməlidir. Amerika Prezidenti Tramp bu yola öz adını verib, artıq bu, onun yoludur." Bu sitat gösətrir ki, dəhliz artıq sadəcə bir logistik marşrut deyil, Azərbaycanın geopolitik qələbəsinin növbəti həlqəsidir. Cənab Prezidentin ABŞ Prezidenti Trampın layihəyə verdiyi dəstəyi xatırlatması və bu yolu "Tramp yolu" kimi xarakterizə etməsi məsələnin beynəlxalq statusunu daha da möhkəmləndirir. Ermənistan üçün bu dəhliz bir seçim yox, regionun inkişaf qatarına qoşulmaq üçün son şansdır. Əks halda, bu fürsətdən qaçmaq rəsmi İrəvan üçün iqtisadi və siyasi baxımdan "intihar" demək olacaq.

Dövlət suverenliyinin "polad qalxanı" olan ordu quruculuğu isə yeni keyfiyyət mərhələsinə keçib. Prezidentin "Bugünkü ordumuz Vətən müharibəsindəkindən bir neçə dəfə güclüdür" fikri sadəcə bir müqayisə deyil, həm də regiondakı revanşist qüvvələrə ciddi bir xəbərdarlıqdır. Müdafiə sənayesinə özəl sektorun cəlb olunması və ixrac potensialının artırılması Azərbaycanın hərbi cəhətdən tam müstəqil və özünü təmin edən bir dövlətə çevrildiyini təsdiqləyir.

Nəhayət, "Böyük Qayıdış" proqramı artıq arzudan konkret mülki reallığa çevrilib. Xankəndidən Laçına, Kəlbəcərdən Şuşaya qədər hər qarış torpaqda aparılan quruculuq işləri dövlətimizin iqtisadi gücünü nümayiş etdirir. "Zədəli və yaralı torpaq" anlayışının tarixin arxivinə göndərilməsi Azərbaycanın yaradan və quran gücünün rəmzidir.

Bütövlükdə cənab Prezidentin bu müsahibəsi Azərbaycanın sarsılmaz suverenlik doktrinasının bəyannaməsidir: Güclü ordu, strateji dəhlizlər və abad vətən. Bu, həm daxili auditoriya üçün bir əminlik, həm də beynəlxalq aktorlar üçün Azərbaycanın dəyişməz iradəsinin elanıdır.

İlham Abbasov,
Goranboy rayon İcra Hakimiyyəti başçısının Börü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi, YAP Goranboy rayon təşkilatının Börü ərazi partiya təşkilatının sədri.




Seçilən
26
aia.az

1Mənbələr