AZ

Azərbaycanda distant iş: Müsbət və mənfi tərəfləri - Araşdırma

Azərbaycan parlamenti Əmək Məcəlləsinə dəyişiklik edərək “məsafədən (distant) iş” anlayışını qanunvericiliyə daxil edib. Bu dəyişiklik evdən işləmə modelini rəsmi hüquqi çərçivəyə salmaqla yanaşı, əmək bazarında yeni mərhələnin də əsasını qoyur.

"Yeni Sabah" xəbər verir ki, distant iş modeli geniş ictimaiyyət üçün əsasən koronavirus pandemiyası dövründə kütləvi şəkildə tətbiq olunaraq tanındı.

Qısa müddətdə milyonlarla insan evdən işləməyin üstünlüklərini və çətinliklərini real təcrübədə yaşadı. İndi isə bu sistemin daimi tətbiqi ilə bağlı suallar daha çox insanın sosial-psixloji durumu və əmək münasibətlərinin mahiyyəti üzərində cəmlənir:

Distant işin tərəfdarları bu sistemi vaxt itkisini azaltması, işləyən insanları nəqliyyat sıxlığından xilas etməsi və fərdi rahatlıq yaratması baxımından müsbət qiymətləndirirlər.

Bu modelin əleyhdarları isə hesab edirlər ki, ənənəvi ofisdən iş modeli yalnız maddi qazac mənbəyi kimi deyil, sosiallaşma, həyatın gündəlik ritmi və psixoloji tarazlıq baxımından da vacibdir.

Gündəlik ofisə gedib-gəlmək, işə hazırlaşmaq, həmkarlarla canlı ünsiyyət, işgüzar münasibətlər və iş günü bitəndən sonra evə dönüş hissi - bütün bu proseslər insanda motivasiya yaradır, gündəlik həyatın ritmini formalaşdırır.

Distant iş isə bu dinamikanı zəiflədərək həyat tərzini daha statik və monoton hala sala bilər.

Pandemiya dövründə ofis və distant iş arasındakı fərqi milyonlarla insan praktik şəkildə yaşadı. İndi əsas sual budur: canlı ünsiyyətin və fiziki təmasların azalması insanın sosial-psixoloji durumuna necə təsir göstərəcək?

Psixoloq: “İnsan ünsiyyətsiz inkişaf etmir”

Psixoloq Gülər Məmmədova bildirir ki, distant iş müasir dövrün qaçılmaz reallığıdır və tamamilə mənfi tendensiya kimi qiymətləndirilməməlidir.

Onun sözlərinə görə, pandemiya dövründə distant təhsillə yanaşı, distant iş də geniş yayılıb və bir çox hallarda uğurlu nəticələr verib.

Psixoloq hesab edir ki, insanlar ofisdə formalaşdırdıqları intizamı ev şəraitində də qura bildikləri üçün distant iş formatında fəaliyyət göstərmək mümkün olub.

Canlı ünsiyyətin insanların emosional ehtiyacları və sosiallaşması baxımından önəmli olduğunu vurğulayan psixoloq vurğulayır ki, distant iş modeli sosiallaşma və qarşılıqlı ünsiyyətdə zəifləmə yarada bilər.

“Məsələn, ofisdə iş yoldaşlarınla birlikdə nahar fasilələrin, məsləhətləşmə saatların olur. İnsan təbiəti etibarı ilə elə bir varlıqdır ki, insanla qaşılıqlı ünsiyyətdə daha çox inkişaf edir. Hətta sosial psixologiyada aparılan ekprementlərə əsasən, insanların səni alqışlaması, tərifləməsi nəticəsində daha da ruhlanırsan, özünüinkişafda motivasiya yaranır. Bu ünsiyyət üslubunu distant işdə rəqəmsal ortamda qismən əldə etmək mümkün olsa da, canlı ünsiyyət qədər təsirli olmur”, - psixoloq Gülər Məmmədova deyir.

İnsanlar dəyişikliklərə zamanla alışır və bir müddət sonra yeniliklər adi hala çevrilir.

Gülər Məmmədova deyir ki, rutin həyata öyrəşən müəllimlər belə, artıq onlayn jurnala keçiblər. Artıq onlayn keçirilən konsertlərə də rast gəlirik. Bu isə o deməkdir ki, insanlarda rəqəmsal yeniliklərə uyğunlaşma gedir.

“Məsələn, bu günkü rəqəmsal dövrünün insanları əvvəlkilərlə müqayisədə insani münasibətlərdə soyuq və qurudurlar. Təəssüf edirəm ki, süni intellektlə dostluq edənlərin emosiyalarında da müəyyən zəifləmə var. Bu baxımdan, ola bilsin ki, distant iş də, insanların ünsiyyət üsullarına təsir etsin”, - psixoloq əlavə edib.

Vaxt qazanmaq üstünlükdür, amma…

Distant işə qismən müsbət yanaşan Şəkər Yusifli bu iş modelinin əsas üstünlüyünün vaxt qazandırması olduğunu deyir.

“Ən böyük üstünlük tıxaclarda vaxt itirməməkdir. Amma bəzən birgə işlədiyin qurum və insanların əlçatan olmaması problem yaradır”, - Yusifli deyir.

Onun fikrincə, ofisə gedib-gəlmək hər kəs üçün sosial-psixoloji zərurət deyil və bu, daha çox fərdi xarakterdən asılıdır.

Şəkər Yusifli bildirir ki, onun şəxsi təcrübəsində ofisdən iş modeli sosial-psixoloji zərurət deyil və şəxsi təcrübəsində buna ehtiyac hiss etmir.

“Bəzi adamlar var, onlar üçün işə getmək mövcud olma şəklidir. Amma məndə belə deyil”, - deyə Şəkər Yusifli distant iş modeli ilə bağlı fikirlərini bölüşüb.

“Distant iş modeli motivasiyanı zəiflədir”

Distant işə daha tənqidi yanaşan Aytac Əliyeva hesab edir ki, bu model uzunmüddətli və əsas iş forması kimi risklidir.

“Distant iş modeli ilk baxışda rahat və cəlbedici görünsə də, bu yanaşmanın bir sıra ciddi mənfi tərəfləri var. İlk növbədə, ofis mühiti işçi ilə kollektiv arasında canlı ünsiyyəti təmin edir, komanda ruhunu və əməkdaşlığı gücləndirir. Uzaqdan iş zamanı bu əlaqələr zəifləyir, işçi tək qalır və motivasiya itkisi yaşaya bilir. Bundan başqa, ev mühiti hər kəs üçün uyğun deyil - diqqətin yayınması, iş və şəxsi həyat sərhədlərinin itməsi məhsuldarlığı azaldır”, - Aytac Əliyeva deyib.

O, distant fəaliyyət modeli ilə ilk dəfə koronavirus pandemiyası dövründə - tələbə olduğu illərdə tanış olub. Həmin dövrü təəssüflə xatırlayan Aytac bildirir ki, onlayn təhsil formatı səbəbindən real universitet mühitini, auditoriya dərslərini və tələbə həyatının sosial tərəflərini tam şəkildə yaşamaq imkanı olmayıb. Məhz buna görə onun tələbəlik illəri ilə bağlı xatirələri məhdud qalıb. Aytac əlavə edir ki, bu təcrübə onda məsafədən işləməyə qarşı mənfi yanaşma formalaşdırıb və o, canlı ünsiyyətin, kollektiv mühitin və birbaşa əməkdaşlığın daha faydalı olduğuna inanaraq distant işləmə modelini sevmədiyini vurğulayır.

Aytac Əliyeva onu da deyir ki, distant iş ikinci və ya köməkçi iş kimi məqbul ola bilər, amma əsas iş yerinin tam distant olması sağlam model deyil.

İşəgötürən mövqeyi: “Məhsuldarlıq ofisdə formalaşır”

Ümumən işəgötürənlər distant işə praqmatik və ölçülü yanaşırlar. Bir çox şirkət üçün əsas prioritet davamlı verimlilik, komanda içi ünsiyyət və iş prosesinə real nəzarətin təmin olunmasıdır ki, bu amillərin ofis mühitində daha stabil formalaşdığı düşünülür. Buna görə də distant iş əksər hallarda əsas model deyil, yalnız zəruri və məhdud situasiyalar üçün uyğun seçim kimi dəyərləndirilir.

“Kartaş” şirkətinin baş direktoru Nəcməddin Taşbağın sözlərinə görə, distant iş modeli işə götürənin nə əldə etdiyini bildiyi, işçinin isə nə etməsi lazım olduğunu bildiyi yox, hiss etdiyi zaman tətbiq oluna bilər.

“Amma mən yenə də distant iş zamanı ofis ortamındakı məhsuldarlığın əldə edilə biləcəyini düşünmürəm. Necə olursa-olsun, ofis mühitində iş prosesindən kənarda baş verən qarşılıqlı əlaqələr həm işin özü, həm də əməkdaş üçün son dərəcə vacibdir. Məhz buna görə də tanıdığım bəzi şirkətlərdə həftənin bir və ya iki günü üçün opsional şəkildə təqdim olunan distant iş hüququndan əməkdaşlar əksər hallarda istifadə etmirlər. Düşünürəm ki, bunun səbəbi əməkdaşın gördüyü işə birbaşa təsiri olmasa belə, özünü inkişaf etdirə biləcəyi əsas mühitin məhz iş yeri olduğunu düşünməsidir. Çünki iş yerlərində təkcə əməliyyat aparılmır. Əməliyyat zamanı və ya fasilələrdə insan rolları, insan psixologiyası, ünsiyyət, bilik və təcrübə paylaşımı baş verir və bunların hamısı öyrənmə prosesinin bir hissəsidir”, - şirkət sahibi Nəcməddin Taşbağ mövzu ilə bağlı fikirlərini “Yeni Sabah”a bölüşərkən deyib.

Pandemiya dövründə distant iş təcrübəsinə də toxunan N.Taşbağ hesab edir ki, bu formatda ofis işindəki keyfiyyəti və məhsuldarlığı qorumaq mümkün olmayıb. O bildirir ki, bəzi əməliyyatlar uzaqdan icra edilə bilər, “lakin iş həyatında qalıcı şəkildə irəliləmək istəyənlər üçün əsas məkan ofisdir”.

“Mən iş həyatının içində olacağam və bu yolda gedəcəyəm deyən bir işçi və ya rəhbər üçün doğru yer distant deyil, işinin başıdır”, - deyə Nəcməddin Taşbağ əlavə edib.

Distant işin Əmək Məcəlləsində yer alması əmək bazarında yeni imkanlar açsa da, bu modelin hər kəs və hər sahə üçün ideal seçim olduğu hələ ki, mübahisəlidir. Evdən işləmək vaxt qazandırır, rahatlıq yaratsa da, insanın insana toxunduğu, ünsiyyət qurduğu, özünü inkişaf etdirdiyi ofis mühitini tam əvəz edə bilmir. Görünür, məsələ “ofis, yoxsa distant” sualında deyil, bu iki model arasında sağlam tarazlığın necə qurulacağındadır. Çünki iş yalnız görülən əməliyyat deyil, həm də insanın özünü tapdığı və formalaşdırdığı bir mühitdir.

İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
20
yenisabah.az

1Mənbələr