AZ

“Venesuelada əsas fiqur mən olacağam” – Trampdan səs-küylü açıqlamalar

ABŞ Prezidenti Donald Tramp NBC News-a verdiyi müsahibədə Venesuelada yaxın gələcəkdə seçkilərin keçirilməyəcəyini bildirib. Onun sözlərinə görə, ölkə ABŞ rəhbərliyi altında uzunmüddətli bərpa prosesindən keçməlidir.

Vətəninfo.az xəbər verir ki, Tramp xəbərdarlıq edib ki, Karakasdakı mövcud hakimiyyət Vaşinqtonla əməkdaşlıqdan imtina edərsə, ABŞ ikinci hərbi müdaxiləyə başlamağa hazırdır.

ABŞ-ın Venesuela ilə müharibə vəziyyətində olub-olmaması ilə bağlı suala Tramp mənfi cavab verib. “Xeyr, biz müharibə vəziyyətində deyilik”, – deyə o bildirib. Prezident qeyd edib ki, ABŞ narkotik qaçaqmalçılarına, habelə “məhbusları həbsxanalardan azad edib ölkəmizə göndərənlərə”, eləcə də “narkomanlar və ruhi xəstələr probleminə” qarşı mübarizə aparır.

Tramp iddia edib ki, Venesuela prezidenti Nikolas Maduronun yerinə keçən vitse-prezident Delsi Rodrigez ABŞ hökuməti ilə əməkdaşlıq edir. Onun sözlərinə görə, Venesuelanın idarə olunmasında iştirak edəcək amerikalı rəsmilər qrupuna dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqsett, Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller və vitse-prezident C.D. Vens daxil olacaq. Əsas fiqurun kim olacağı ilə bağlı suala isə Tramp qısa cavab verib: “Mən.”

ABŞ prezidenti Venesuelada qarşıdakı 30 gün ərzində yeni seçkilərin keçirilməsini də istisna edib. O bildirib ki, ölkə əvvəlcə “sağalmalıdır”.
“Seçkilər mümkün deyil. İnsanlar hətta səs verə bilməyəcəklər… Bu proses müəyyən vaxt tələb edir. Ölkəni normal vəziyyətə qaytarmalıyıq”, – deyə Tramp vurğulayıb.

Onun hesablamalarına görə, bərpa prosesi 18 aydan az çəkə bilər. Lakin bu mərhələ sonradan neft gəlirləri hesabına ödəniləcək böyük maliyyə vəsaiti tələb edəcək.

Tramp əlavə edib ki, ABŞ yanvarın 3-də “Total Resolve” adlı əməliyyatı Maduronun yaxın çevrəsinin köməyi olmadan həyata keçirib. “The New York Times” qəzeti daha əvvəl Vaşinqtonun Venesuela hökumətində ABŞ-a prezidentin həbsinin planlaşdırılmasında yardım edən agentinin olduğunu yazmışdı.

ABŞ hakimiyyəti Nikolas Maduronu “narkoterrorizm”, ölkəyə kokain qaçaqmalçılığı təşkil etmək, sui-qəsd planlaşdırmaq və qanunsuz silah saxlamaq ittihamları ilə günahlandırır. Yanvarın 5-də Venesuela prezidenti və həyat yoldaşı ilk dəfə Nyu-Yorkda məhkəmə qarşısına çıxıblar. Hər ikisi irəli sürülən ittihamları rədd edir.

Seçilən
28
veteninfo.az

1Mənbələr