AZ

Körpəsi olanların nəzərinə: Nestlé-nin bu uşaq qidalarında təhlükəli toksin var

Uşaq qidalarının dünyaca məşhur istehsalçısı Nestlé SMA, BEBA və NAN körpə formulaları da daxil olmaqla 25 ölkədə bir neçə körpə yemək qarışığını geri çağırıb.

Ekologiya.az şirkətin yaydığı açıqlamaya istinadən xəbər verir ki, buna səbəb həmin qidalarda ürəkbulanma və qusmaya səbəb olan toksinin olması ehtimalıdır.

Avstriya Səhiyyə Nazirliyinin məlumatına görə, geri çağırış 10-dan çox Nestlé fabrikindən 800-dən çox məhsula təsir göstərməklə şirkətin tarixində ən böyük belə haldır.

Geri çağırış Avstriya, Böyük Britaniya, Almaniya, Danimarka, İrlandiya, İtaliya, Norveç, Finlandiya, Fransa və İsveçrədəki qruplara da təsir edib. Şirkət xəbərdarlıq edib ki, körpə formulalarında Bacillus cereus bakteriyası tərəfindən istehsal olunan sereulid toksini ola bilər. Nestlé iddia edir ki, geri çağırılan məhsullardan heç biri ilə əlaqəli heç bir infeksiya və ya simptom halı bu günə qədər təsdiqlənməyib. Buna baxmayaraq, artıq bir çox ölkələrdə geri çağırılan qidaların idxalı dayandırılıb.

Belə ki, Rusiyanın Rospotrebnadzor-u (İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Nəzarət Xidməti) sereulid toksininin olması ehtimalı səbəbindən bir neçə Nestlé körpə qarışığının Rusiyaya idxalını dayandırıb. Söhbət 15.04.2025 - 27.11.2025 aralığında istehsal olunan Nan 1 Optipro, Nan 2 Optipro, Nan Supreme, Nan Experpro, Nan laktozasız, PreNan, Nestogen comfort və Alfare aminodan gedir.

Qeyd edək ki, Azərbaycanda da Nestlé-nin çoxsaylı uşaq qidalarından geniş istifadə olunur.

 Musavat.com

Seçilən
118
ekologiya.az

1Mənbələr