Bakı, 7 yanvar, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində müasir dövrün beynəlxalq vəziyyətini olduqca praqmatik şəkildə qiymətləndirərək bildirdi ki, “Bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var”. Dünyada baş verən siyasi proseslərə diqqətlə yanaşsaq dövlət başçısının haqlı olduğunu və fikirlərinin reallığı əks etdirdiyini aydın formada görərik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin (İB) sədri Zaur İbrahimov deyib.
Onun sözlərinə görə, “907-ci düzəliş” uzun illərdir ki, aradan qaldırılmır. Bu, ABŞ ilə Azərbaycan arasındakı münasibətlərin inkişaf trayektoriyasına uyğun deyil.
“Həmin düzəlişə əsasən Azərbaycan Amerikadan dövlət səviyyəsində yardım ala bilməz. Lakin bu gün Azərbaycanın iqtisadi inkişafı elə bir səviyyəyə çatıb ki, onun yardıma ehtiyacı yoxdur. COVİD19 pandemiyası dövründə Azərbaycan yardım alan yox, yardım verən dövlət kimi özünü göstərdi. ABŞ ilə əlaqələr də bu düzəliş qüvvədə qaldığı müddətdə inkişaf edib. Donald Tramp real siyasətə yönələn siyasi xadimdir və o, milli maraqları mühafizə edən siyasi xəttini davam etdirəcək. ABŞ-ın milli maraqları isə Cənubi Qafqaz regionunda iştirak etməyi tələb edir və D.Tramp bunu əsas götürərək Azərbaycan ilə əlaqələrin genişləndirilməsini istəyir. Lakin “907-ci düzəliş” əhəmiyyətini itirsə də hüquqi president yaradır, yanlış fikir formalaşdırır. Azərbaycanın əleyhinə olan bəzi lobbi təşkilatlarının işinə yarayır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev müsahibəsində “Tramp administrasiyasının hakimiyyətə gəlməsi ilə vəziyyət tamamilə dəyişib. İndi Amerika-Azərbaycan münasibətləri yeni səviyyəyə qalxıb və biz gözləyirik ki, Konqres bu ədalətsiz, keçmişdən qalan, bu gün tamamilə absurd sayılan düzəlişi aradan qaldırsın”, - deyə o vurğulayıb.
Beynəlxalq hüququn reallığı əks etdirmədiyini vurğulayan ekspert nəzərə çatdırıb ki, tarixin bütün dövrlərində güclü tərəf haqlı hesab edilib: “Reallıq bundan ibarətdir ki, güclünü heç kim mühakimə etmək iqtidarında olmur. Beynəlxalq arenada ədalətin bərpası üçün əksər hallarda beynəlxalq qanunlar və hüquqi normalar kifayət etmir. “907-ci düzəliş” bəlkə də XX əsrdə ən ədalətsiz qərar idi. Azərbaycan bir tərəfdən işğala məruz qalırdı, əhalisi qaçqın və məcburi köçkünə çevrilirdi, digər tərəfdən isə həmin bədnam “düzəlişlə” yardımdan məhrum edilirdi. Lakin Azərbaycan o mərhələni keçdi. Bu gün isə güclü Azərbaycan dövləti qəti şəkildə məsələ qaldıraraq onun ləğvini tələb etməkdə haqlıdır”.