AZ

Göydəniz Qəhrəmanov: Azərbaycan turizmi sadəcə xidmət sahəsi deyil, strateji inkişaf prioritetidir

Beynəlxalq Xizək Federasiyasının təqviminə daxil olmaq ölkənin turizm brendi üçün çox ciddi addımdır

Bakı, 7 yanvar, AZƏRTAC

Ölkə başçısının turizmin inkişafı ilə bağlı səsləndirdiyi fikirlər bir daha təsdiqləyir ki, Azərbaycanda turizmi sadəcə xidmət sahəsi deyil, həm də ölkənin strateji inkişaf prioritetlərindən biridir. COVID-dən əvvəl müşahidə olunan sürətli artımın pandemiya səbəbilə dayanması qlobal proses idi. Lakin bu gün həmin rəqəmlərin bərpa olunması və daha yüksək səviyyəyə çatdırılması real hədəf kimi qarşıya qoyulub.

Burada əsas amil təhlükəsizlik və sabitlikdir. Dünyada baş verən münaqişələr, çaxnaşmalar, kriminal və qeyri-sabitlik fonunda Azərbaycan ən təhlükəsiz ölkələrdən biri kimi seçilir. Bu, artıq təkcə bizim subyektiv fikrimiz deyil, beynəlxalq reytinqlərdə və turistlərin rəylərində də öz əksini tapır. Müasir dövrdə turistlər özlərini rahat və güvənli hiss edəcəkləri ölkəni seçirlər. Bu baxımdan Azərbaycan ciddi üstünlüyə malikdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov deyib.

Onun sözlərinə görə, ikinci mühüm faktor coğrafi mövqedir. Azərbaycan Avropa ilə Asiyanın qovşağında yerləşən nadir ölkələrdəndir. Bu isə bizi həm tranzit, həm də istirahət turizmi üçün cəlbedici edir. Zəngin mədəni irs, çoxəsrlik tarix, doqquz iqlim qurşağı, müxtəlif təbiət landşaftları, müasir paytaxt Bakı və regionlarda inkişaf edən turizm məkanları ölkənin turizm xəritəsini olduqca rəngarəng edir.

“Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan artıq dörd fəsil turizmi ölkəsinə çevrilib. Qış turizmi üçün Şahdağ və Tufandağ, yay turizmi üçün Xəzər sahili, çimərliklər və “Sea Breeze” kimi iri layihələr, ekoturizm üçün meşələr, dağlar, milli parklar, sağlamlıq turizmi üçün Naftalan, Qalaaltı, Duzdağ kimi məkanlar mövcuddur. Bu, çox az ölkəyə nəsib olan üstünlükdür.

Prezidentin vurğuladığı kimi, Formula 1 yarışları artıq 10 ildən çoxdur ki, Bakıda keçirilir və yarım milyardlıq auditoriyaya çıxış imkanı yaradır. Bu, təkcə idman tədbiri deyil, həm də güclü turizm və imic layihəsidir. Bu il Şahdağda keçiriləcək Xizəksürmə üzrə dünya çempionatı isə Azərbaycanın qış turizmi xəritəsində yeni səhifə açacaq. Beynəlxalq Xizək Federasiyasının təqviminə daxil olmaq ölkənin turizm brendi üçün çox ciddi addımdır”, - deyə Milli Məclisin deputatı qeyd edib.

Müsahibimiz bu kontekstdə “Sea Breeze” layihəsini xüsusi qeyd edib: “Dünyada yalnız Azərbaycanda bu konsepsiya – bir məkanda yaşayış, istirahət, əyləncə və turizm infrastrukturunun birləşdirilməsi – Azərbaycanın turizmə yanaşmasının miqyasını göstərir. Bu cür layihələr ölkəyə daha yüksəkgəlirli turist axınını təmin edə bilər”.

Onun sözlərinə görə, ən mühüm məqamlardan biri isə şübhəsiz ki, Qarabağ və Zəngəzurun turizmə açılmasıdır. Prezidentin dediyi kimi, bu ərazilərin böyük potensialı var. Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Xankəndi kimi şəhərlərdə artıq mehmanxanaların tikilməsi və açılması göstərir ki, dövlət bu bölgəni təkcə bərpa etmir, eyni zamanda, gələcəyin turizm mərkəzinə çevirir. İstisu, Şuşa, Laçın kimi məkanlar yaxın illərdə regionun ən cazibədar istiqamətlərindən olacaq. Bununla yanaşı, paytaxt Bakı, Qəbələ, Lənkəran, Gəncə, Quba, Şəki, Qusar kimi ənənəvi turizm bölgələri də öz potensialını qoruyur və inkişaf edir. Yəni turizm yalnız bir bölgəyə deyil, bütün ölkə üzrə balanslı şəkildə yayılır.

“Əlbəttə, turizmin əsas dayaqlarından biri nəqliyyat sektorudur. Əsasən hava yolları bu sahədə aparılan islahatlar, beynəlxalq və büdcəli aviaşirkətlərin Azərbaycana gəlişi, uçuş coğrafiyasının genişlənməsi çox müsbət tendensiyadır. Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni terminalın planlaşdırılması da gələcəyə hesablanmış strateji addımdır. 15–20 milyon sərnişin tutumlu terminal hədəfi Azərbaycanın turizm ambisiyalarının miqyasını açıq göstərir.

Quru sərhədlərin bağlı qalmasına baxmayaraq, Prezidentin qeyd etdiyi kimi, turist sayını 5–6 milyona çatdırmaq real hədəfdir. Bu, yalnız iqtisadi gəlir demək deyil. Bu, həm də ölkənin beynəlxalq imicinin güclənməsi, regionların inkişafı, minlərlə yeni iş yerinin açılması deməkdir”, - deyə o əlavə edib.

Deputatın fikrincə, müharibənin bitməsi isə turizm üçün tamamilə yeni bir mərhələ açır. 30 il davam edən münaqişə yükü artıq arxada qalıb. Bu, beynəlxalq investorlar, turistlər və biznes dairələri üçün Azərbaycanı daha cəlbedici edir. Sülh, sabitlik və təhlükəsizlik fonunda ölkənin turizm potensialı daha da parlayacaq. Gələcəkdə biznes turizmi, sağlamlıq turizmi, tibbi turizm kimi sahələrin inkişafı da real perspektivdir. Sağlamlıq turizmin ölkəmizdə geniş imkanları var. Naftalan, Qalaaltı, Duzdağ kimi mövcud imkanlar bunu deməyə əsas verir. Dövlətin bu istiqamətdə planlarının daha geniş olması Azərbaycanın turizm strategiyasının yalnız bu günə deyil, gələcəyə də hesablandığını göstərir.

“Nəticə etibarilə demək olar ki, Azərbaycan bu gün turizmi sadəcə iqtisadi sektor deyil, milli güc elementi kimi formalaşdırır. Təhlükəsizlik, infrastruktur, beynəlxalq tədbirlər, yeni layihələr və xüsusən də Qarabağın turizmə açılması ölkəmizi yaxın illərdə regionun aparıcı turizm mərkəzinə çevirir. Bu, əlbəttə ki, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və strateji baxışının nəticəsidir”, - deyə Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov vurğulayıb.

Seçilən
51
1
azertag.az

2Mənbələr