Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Hazırda Bənövşəyi xəttin layihə adı "B-04" olan stansiyasında inşaatın əsas mərhələsi üzrə işlər davam etdirilir. Bununla yanaşı, hazırda əsas təchizat məsələləri , infrastruktura dair avadanlıq və sistemlərin, o cümlədən havalandırma, eskalator, lift və digər qurğuların quraşdırılması istiqamətində tədbirlər davam edir".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən deyilib.
Bildirilib ki, inşaat işlərinin 2026-cı il ərzində yekunlaşdırılması nəzərdə tutulur.
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq, 10 stansiya ilə bağlı hazırda mərhələli işlər aparılır. Ümumən, Yaşıl xəttin üzərində Ağ şəhər, NZS, Nargilə adlanan ərazilərdə və "Həzi Aslanov-2" olmaqla 4 stansiya tikilməlidir. Bənövşəyi xətt üzrə "B-04" stansyasından sonra "Nizami", "Sahil", "Xətai" stansiyalarına keçid funksiyalı, "Neftçilər" xəstəxanası yaxınlığında və Ağ şəhər layihəsini əhatə edən ərazilərdə 6 yeni stansiya inşa edilməlidir. 2026-2030-cu illərdə Bənövşəyi xəttin "Xocəsən" elektrik deposunun inşasının ikinci mərhələsinin başa çatdırılması nəzərdə tutulub".
Qurumun məlumatına görə, 2025-ci ildə həmçinin Qırmızı və Yaşıl xətlərin ayrılması üzrə mərhələli işlərə başlanılıb. Dövlət proqramına əsasən tikintisinə başlanılan "Dərnəgül" elektrik deposunda da işlər plan üzrə icra edilir. Hazırda təmir-baxış sahələrinin inşası, tunellərdə yolların qurulması işləri davam etdirilir.
"Qeyd edilənlərlə yanaşı, xətlərin ayrılması layihəsi çərçivəsində "İçərişəhər" stansiyasının arxasında dönmə kamerasının inşasının tamamlanması, 2 yeni elektrik yarımstansiyasının inşası, habelə elektrik təchizatı sisteminin optimallaşdırılması nəzərdə tutulub", - deyə məlumatda vurğulanıb.
Banu Hüseynli
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.