AZ

GÖYLƏRİN KEŞİKÇİSİ

 

7 yanvar — şəhid hərbi pilot Rəşad Atakişiyevin doğum günüdür
        

 Şəhidimizin əziz xatirəsinə həsr olunur

 

“Bəziləri yerdə yaşamaq üçün doğulur, bəziləri isə göylərdə iz qoymaq üçün.”

 

Gəncədən Şəmkirə gedərkən, çox da uzaqda olmayan bir kənd var.” Yol kənarındakı lövhədə yazılıb: “Qılıncbəyli.”

Hər dəfə oradan keçəndə içimdə qəribə bir sükut yaranır. O kənd mənim hafizəmdə Rəşad Atakişiyevin kəndi kimi qalıb.

Aeroportda səliqəli geyimli pilotları, gülümsəyən stüardessaları görəndə uşaq təxəyyülüm onları həmişə qəhrəman kimi qəbul edirdi. Sonralar anladım ki, o xəyallar məni aldatmırmış — onlar doğrudan da qəhrəmandırlar.

Uşaqlıqda təyyarələrə qəribə bir marağım vardı. Bakı–Moskva reysi ilə uçarkən pəncərədən baxanda buludların üstü mənə başqa bir aləm kimi görünürdü — sükut, ağ işıq və sonsuz səma...
 O vaxtlar tez-tez düşünürdüm: bu buludların üstündə yol necə görünür? Pilotlar yolu necə tapır? Göyün dərinliklərində necə belə sakit və inamlı qala bilirlər?

Sanki onlar göylərdə yaşayan bir sirrin qoruyucuları idilər.

O illərdən bəri içimdə pilotlara qarşı dərin bir hörmət, sarsılmaz ehtiram qalıb.

 

***

… O gün hərbi hissədə planlı təlim uçuşu keçirilirdi. Uçuş tapşırığını yerinə yetirən üç hərbi təyyarə eyni vaxtda havaya qalxdı. Hər biri öz marşrutuna uyğun hündürlükdə uçmalı, manevr tapşırıqlarını icra etməli idi.

Radioda ardıcıl siqnallar eşidilirdi — hər şey qaydasında idi. Təlimin son mərhələsində iki təyyarə bazaya geri döndü. Amma Rəşadın təyyarəsindən xəbər çıxmadı. Bir neçə dəqiqə sonra rabitə tamamilə kəsildi.

Radar ekranında onun təyyarəsinin izi birdən yoxa çıxdı. Elə bil göy onu uddu.
 Axtarışlar dərhal başladı — dəniz, sahil, hava məkanları hərtərəfli yoxlanıldı. Amma heç bir iz tapılmadı.

Hərbi ekspertlər ilkin araşdırmadan sonra qəribə bir fakt açıqladılar: təyyarə havada yad bir cisimlə zədələnmişdi. Amma o cismin nə olduğu — texniki səbəbmi, başqa bir uçan obyektmi, yoxsa tam başqa bir hadisə — bu sualın cavabı bu günə qədər məlum deyil.

Xəzərin sükutu bir ay davam etdi. 

Sonra dənizin dərinliklərindən təyyarənin qalıqları tapıldı. O zaman hər kəs anladı — Rəşad göyün qəhrəmanlarından biri kimi, səssizcə və şərəflə öz yolunu başa vurmuşdu.

Günlər, aylar keçdi. Amma Qılıncbəylidə hər səhər sanki göydən bir səs gəlir — yüngül bir külək kimi, dalğaların pıçıltısında eşidilən bir çağırış: 

“Uçuşa hazırıq...” 

Anası hər axşam evin qarşısında dayanıb səmaya baxardı.

Deyirdilər, hər dəfə ulduzlar parlayanda o, Rəşadın təyyarəsini axtarırmış — sanki oğlunun ruhu indi ulduzların arasında uçur. Hərbi hissədə onun yoldaşları təlim zamanı səmanı görəndə bir anlıq sükut edirlər. Çünki bilirlər — o, oradadır.

Xəzərin sahilində, gün batanda dəniz səthinə baxsan, bəzən elə gəlir ki, dalğaların üzərində bir təyyarənin kölgəsi keçir.

       O, indi göylərin keşikçisidir — dənizin sükutunda, küləyin səsində, ulduzların parıltısında yaşayan bir ruh kimi.

Rəşad Atakişiyev — yerə enməyən pilot. 

Göylərdə qalan, amma xalqının yaddaşına enən qəhrəman.

 

***

 

Uşaqlıqda mənim üçün göy sakitlik, azadlıq və sirr demək idi.

O vaxtlar təyyarələr buludların arasından keçəndə, sanki başqa bir aləmin qapısı açılırdı. Mən düşünürdüm — kimdir o qapının arxasında uçanlar, necə olur ki, qorxmadan səmanın dərinliyinə yüksəlirlər?

Zaman keçdi, böyüdüm, anladım: o insanların gücü təkcə təyyarədə deyil, ürəklərindəki vətən sevgisində, daşıdıqları məsuliyyətdə və sarsılmaz inamda imiş.

Şəhid pilot Rəşad Atakişiyev o uşaqlıq xəyallarımın canlı təcəssümü oldu — sükutun, cəsarətin və sədaqətin göylərdəki simvolu.

Bəlkə də bu hekayə bir uşaqlıq təəssüratının böyüyüb xalq yaddaşına çevrilməsinin hekayəsidir.
        Göy elə bir yerdir ki, oraya yalnız seçilmişlər uça bilir. Rəşad Atakişiyev o seçilmişlərdən biri idi.

 

Leyla Fərat,

yazıçı, tərcüməçi


Seçilən
107
azia.az

1Mənbələr