İngiltərə hökuməti ölkədə artmaqda olan obezlik problemi ilə mübarizə çərçivəsində yeni qərar qəbul edərək sağlam olmayan qida və içkilərin reklamını məhdudlaşdırıb.
Editor.az xəbər verir ki, İngiltərənin Səhiyyə Nazirliyi uşaqlarda obezliyin qarşısının alınması məqsədilə sağlam olmayan hesab edilən məhsulların gündüz saatlarında reklamının qadağan edildiyini açıqlayıb.
Qərara əsasən, az qidalı və yüksək kalorili qida və içkilərin reklamı televiziya kanallarında saat 21:00-dan əvvəl, internet platformalarında isə tamamilə qadağan edilib.
Nazirliyin yaydığı rəsmi açıqlamada bildirilir ki, yeni qaydalar uşaqları televiziya və internetdə sağlam olmayan qida reklamlarının təsirindən qorumağa yönəlib. Qeyd olunub ki, bu qərar hökumətin qətiyyətli və beynəlxalq miqyasda qabaqcıl addımı hesab olunur.
Məlumata görə, tətbiq edilən məhdudiyyətlər nəticəsində hər il uşaqların qida rasionundan təxminən 7,2 milyard kalorinin çıxarılması, obezlikdən əziyyət çəkən uşaqların sayının 20 min nəfər azalması, eləcə də uzunmüddətli dövrdə səhiyyə sahəsində təxminən 2 milyard funt sterlinq (2,7 milyard dollar) həcmində iqtisadi fayda əldə olunması gözlənilir.
// Gülnarə Abasova, Editor.az