İranın “Tasnim” və “Mehr” xəbər agentlikləri Qərb mediasının etirazçıların İlam əyalətindəki Malekşahi rayonunu və Abdanan şəhərini ələ keçirməsi barədə məlumatlarını təkzib ediblər.
Publika.az xəbər verir ki, daha əvvəl “Fox News” telekanalı etirazçıların Malekşahi və Abdanan şəhərlərini nəzarətə götürdüklərini bildirmişdi.
"Malekşahidə bir neçə saat gərginlik yaşandıqdan və silahlı şəxslərlə toqquşma zamanı təhlükəsizlik işçisinin ölümündən sonra, təhlükəsizlik qüvvələrinin rayonda olması sayəsində vəziyyət normallaşıb", - deyə “Tasnim” bildirib.
Qeyd olunur ki, separatçı qruplarla əlaqəli cinayətkarlar son iğtişaşlar zamanı öldürülən iki nəfərin dəfn mərasimində təxribat törədiblər.
Bir qrup şəxs həmçinin banklara hücum edərək sənədləri və avadanlıqları məhv edib, etirazçıları dağılışmağa çağıran hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıblar.