AZ

Aygün Əliyeva – Göstərilən etimadı peşəkar idarəçiliklə doğruldan rəhbər » AzadMedia.az

Aygün

Yeni ilin ilk iş həftəsi vətəndaş cəmiyyəti nümayəndələri üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni tərkibdə Müşahidə Şurasının ilk iclasının keçirilməsi və yeni təyinatlarla başladı. 6 yanvarda keçirilən iclasda qəbul olunan qərara əsasən Aygün Əliyeva Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, Emil Çaparlı və Elnur Bağırlı isə İdarə Heyəti sədrinin müavinləri təyin olunublar.
Bu təyinat təkcə kadr dəyişikliyi deyil, həm də illərdir göstərilən fəaliyyətə, peşəkarlığa və doğruldulmuş etimada verilən qiymət kimi dəyərləndirilir.
Aygün Əliyevanın idarəçilik yolu hələ gənc yaşlarında ona göstərilən böyük etimadla başlayıb. Binəqədi rayonunda çalışdığı dövrdə üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməsi, operativliyi, təşkilatçılıq bacarığı və vətəndaşlarla işləmək qabiliyyəti ilə fərqlənməsi onun sonrakı uğurlu karyerası üçün möhkəm təməl yaradıb. Gənc yaşına baxmayaraq, ona göstərilən bu etimadı əməli fəaliyyəti ilə doğrultması Aygün Əliyevanın idarəçi kimi formalaşmasında mühüm mərhələ olub.
2021-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru vəzifəsinə seçilməsi də məhz bu ardıcıl və sistemli fəaliyyətin məntiqi davamı idi. Bu dövrdə Agentliyin fəaliyyəti yeni mərhələyə qədəm qoydu, QHT-lərlə münasibətlərdə şəffaflıq, institusional yanaşma və qarşılıqlı etimad prinsipləri ön plana çəkildi. Qrant mexanizmlərinin təkmilləşdirilməsi, regional QHT-lərin proseslərə daha fəal cəlb olunması, vətəndaş cəmiyyətinin inkişafına yönələn layihələrin dəstəklənməsi Aygün Əliyevanın icraçı direktor kimi fəaliyyətinin əsas istiqamətlərindən oldu.
QHT sektorunun dövlət–vətəndaş cəmiyyəti dialoqunda mühüm tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi də bu dövrdə atılan addımların nəticəsi kimi qiymətləndirilir.
Bir sözlə, Aygün Əliyeva İcraçı direktor kimi üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldiyini əməli fəaliyyəti ilə sübut etdi.
Onun QHT Agentliyinin İdarə Heyətinin sədri təyin olunması həm peşəkar fəaliyyətinə verilən yüksək etimadın göstəricisi, həm də Agentliyin qarşıdakı dövrdə fəaliyyətinin ardıcıllıq və institusional sabitlik xətti üzrə davam edəcəyinin mesajıdır.
Gözləntilər ondan ibarətdir ki, Aygün Əliyevanın rəhbərliyi ilə QHT Agentliyi vətəndaş cəmiyyətinin inkişafına dəstək missiyasını daha da gücləndirəcək, dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığı yeni keyfiyyət mərhələsinə yüksələcək

Seçilən
36
1
azadmedia.az

2Mənbələr