“Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi bir çox mühüm məqamlarla yadda qaldı. Hər biri strateji yanaşma, gələcək inkişafla bağlı aydın təsəvvür yaradan istiqamətlər arasında Zəngəzur dəhlizi demək olar gündəlik həyatımızda müzakirə etdiyimiz məsələrdən biridir. Dövlət başçısının çıxışında səsləndirdiyi “Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq”, “Zəngəzur dəhlizinin reallaşması artıq həll olunmuş məsələ kimi qəbul edilməlidir. Mən inanmıram ki, Ermənistan bu məsələdən boyun qaçırsın, bu, özünəqəsd kimi qiymətləndirilə bilər.
Vurğulandığı kimi paraflanan sülh sazişinin digər aspektləri kimi Zəngəzur mövzusunun da dünyanın super gücü olan Amerikada Trampın iştirakı ilə həlli bu yöndə geridönüşün mümkünsüzlüyünü isbat edir. Nəzərə alsaq ki, Azərbaycan ərazisindən Ermənistan sərhədinə gedən yollar, həm dəmir yolu, həm avtomobil yolu tezliklə hazır olacaq, daha dəqiq ifadə etsək avtomobil yolunun hazırlığı təxminən 95 faiz, dəmir yolunun fiziki hazırlığı 70 faizdir, onda Prezident İlham Əliyevin uzaqgörən qərarlarının bu məsələdə də hadisələri qabaqladığının şahidi oluruq”.
Bunu Ölkə.az-a açaıqlamasında deputat Əlibala Məhərrəmzadə deyib.
Onun sözlərinə görə, bundan başqa Naxçıvan ərazisində də işlər artıq geniş vüsət alıb. “Ermənistan ərazisində olan 42 kilometrlik hissədə də bu il fiziki işlərə başlanılması gözlənilir. Naxçıvandan Qarsa qədər və faktiki olaraq Türkiyənin dəmir yolları şəbəkəsinə tam bağlantı da olacaq. Ötən il Türkiyə tərəfi Qars-Naxçıvan dəmir yolunun tikintisi ilə bağlı qərar qəbul edib. Beləliklə, Dövlət başçısı bildirdi ki, “Layihə tam başa çatandan sonra onun yükötürmə qabiliyyəti 15 milyon tona bərabər çatacaq və həm Şərq-Qərb, həm də ki, Şərq-Cənub, eyni zamanda Şimal-Cənub yolunun bir qolu olacaq. Çünki bu gün Şimal-Cənub layihəsi deyəndə, ilk növbədə, Rusiya-Azərbaycan-İran, yəni Rəşt-Astara yolu nəzərdə tutulur. Ancaq Zəngəzur dəhlizi açılandan sonra sovet vaxtı mövcud olmuş Sovet İttifaqı-İran yolu yenə də bərpa ediləcək. Yəni ki, Rusiya-Bakı-Ağbənd-Ermənistan-Naxçıvan-Culfa-Fars körfəzi Şimal-Cənub marşrutunun ikinci yolu olacaq”. Bundan başqa yol Naxçıvandan iki istiqamət üzrə davam edəcək. Bir istiqamət Türkiyə-Avropa, bir istiqamət isə İran, Fars körfəzi və Yaxın Şərq. Əsas, istiqamətverici tərəf isə Azərbaycan olacaq. Hab rolu Azərbaycan iqtisadiyyatı üçün əlavə dəyər zənciri rolu oynayacaq”, - o qeyd edib.
Deputat əlavə edib ki, çoxsaylı loqistik mərkəzlərin yaradılması investisya axını ilə bağlı məşğulluğu təmin edəcək, sosial mahiyyət daşıyacaq: “Daha geniş anlamda layihənin reallaşması iştirakçı ölkələrin sosial-iqtisadi inkişafına ciddi töfhə verəcək. Ermənistan da təbii olaraq bundan ancaq fayda görəcək. Çünki Ermənistan indiki dalan vəziyyətindən çıxa bilər və çıxacaq.
Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat imkanlarının açılması deyil, bütövlükdə Xəzər və Aralıq dənizi hövzələrinin, daha geniş mənada isə Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropanın əlaqələndirilməsidir. Yəni, geostrateji və geoiqtisadi əhəmiyyətini daha da artıran Azərbaycan Şərq-Qərb xəttinin üzərində Bakı-Tbilisi-Qars və Zəngəzur nəqliyyat damarları ilə şaxələnməni həyata keçirməklə, böyük Avrasiya coğrafiyasının mərkəzi hablarından birinə çevrilir”.
Mürtəza