AZ

“Bayer” konserni COVID-19 peyvəndlərinə dair patentlərin pozulması iddiası ilə 4 şirkəti məhkəməyə verib

Berlin, 7 yanvar, AZƏRTAC

Almaniyanın aqrokimya və əczaçılıq nəhəngi “Bayer” konserni COVID-19 peyvəndləri ilə bağlı patentlərin pozulması iddiası ilə “Pfizer”, “BioNTech” və “Moderna” şirkətlərinə qarşı məhkəmə iddiası qaldırıb. Həmçinin “Johnson & Johnson” konserninə qarşı ayrıca iddia irəli sürüb.

AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, iddiaya əsasən, peyvənd istehsalçıları “Bayer”in törəmə şirkəti “Monsanto” tərəfindən hələ 1980-ci illərdə patentləşdirilmiş “mRNA” texnologiyasından icazəsiz istifadə ediblər. Söhbət “mRNA” genetik materialının sabitləşdirilməsi üsulundan gedir. “Monsanto” bu texnologiyanı ilkin mərhələdə daha davamlı kənd təsərrüfatı bitkilərinin hazırlanması üçün tətbiq edib.

“Bayer” eyni məzmunlu iddianı Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-Cersi ştatında “Johnson & Johnson” şirkətinə qarşı da qaldıraraq, məbləği açıqlanmayan təzminat tələb edir. Bununla belə, şirkət peyvəndlərin satışına qadağa qoyulmasının hədəflənmədiyini bildirib.

Nəşrin məlumatına görə, “Bayer” COVID-19 peyvəndlərinin hazırlanmasında iştirak etməyib və bu peyvəndləri istehsal etmir. İddialar koronavirus peyvəndləri ətrafında gedən patent mübahisələri silsiləsinin bir hissəsidir. Belə ki, 2022-ci ildə “Moderna” da “Pfizer”ə qarşı analoji iddia qaldırmışdı. “Pfizer” və “BioNTech” 2024-cü ildə “Comirnaty” peyvəndi ilə dünya üzrə 3,3 milyard dollardan çox gəlir əldə edib. “Moderna” isə “Spikevax” peyvəndindən 3,2 milyard dollar gəlir götürüb. Bu rəqəmlər pandemiyanın pik dövrü ilə müqayisədə xeyli aşağıdır. “Johnson & Johnson” isə COVID-19 peyvəndinin ABŞ-da satışını 2023-cü ildə dayandırıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
75
1
azertag.az

2Mənbələr