Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Nikolas Maduronun həbsi ilə bağlı politoloq Elşad Mirbəşiroğlu Sozcu.info-ya geniş və diqqətçəkən geosiyasi təhlillər verib. Müsahibəni olduğu kimi təqdim edirik:
-Venesuelanın dövlət başçısı Nikolas Maduronun ABŞ hərbiçiləri tərəfindən Karakasdan çıxarılaraq ABŞ ədliyyəsinə təhvil verilməsi və ardınca həbs edilməsi beynəlxalq hüququn iflası kimi qiymətləndirilir. Lakin tarixi kontekstdə bu hadisə presedentsiz deyil. 1989-cu ildə Panamanın faktiki rəhbəri Manuel Noryeqa da ABŞ tərəfindən oxşar şəkildə saxlanılaraq ABŞ ərazisinə aparılmışdı. Digər nümunələr də göstərmək mümkündür. Buna baxmayaraq, Maduronun həbsi ətrafında aparılan müzakirələr ictimai rəyə sanki belə bir təsəvvür formalaşdırır ki, bu, tarixdə ilk dəfə baş verən hadisədir. Mövcud vəziyyəti məhz bu kontekstdə necə izah etmək olar?
-İlk növbədə qeyd etmək lazımdır ki, ABŞ tərəfindən Venesuela prezidenti Nikolas Maduronun həbs edilməsi beynəlxalq münasibətlər tarixində presedentsiz hadisə deyil. Manuel Noryeqanın 1989-cu ildə ABŞ tərəfindən həbs edilməsi bu baxımdan ən yaxın analoji nümunədir. Şübhəsiz ki, istər Panamanın, istərsə də Venesuelanın rəhbərlərinin avtoritar idarəçilik modeli və ya legitimlik mübahisələri üçüncü bir dövlətin hərbi müdaxilə yolu ilə onların saxlanılmasına hüquqi əsas yaratmır. Belə hallarda beynəlxalq hüququn fundamental prinsipləri, xüsusilə BMT Nizamnaməsinin dövlətlərin suverenliyi və daxili işlərinə qarışmamaqla bağlı müddəaları açıq şəkildə pozulmuş olur.
Maduronun ABŞ tərəfindən həbsini bir neçə prizmadan təhlil etmək olar. Birincisi, bu hadisə “hüququn gücü”nün deyil, “gücün hüququ”nun işlədiyini növbəti dəfə nümayiş etdirdi. Bu yanaşma qlobal miqyasda təhlükəli presedent yarada və oxşar müdaxilələrin legitimləşdirilməsi üçün əsas kimi istifadə oluna bilər. Venesuela ətrafında baş verənlər dünyanın ümumi geosiyasi mənzərəsinə təsirsiz ötüşməyəcək və xüsusilə qlobal enerji bazarına müəyyən təsirlər göstərəcək.
Bu kontekstdə ABŞ-ın 1823-cü ildə qəbul etdiyi Monro doktrinasına faktiki münasibəti də bir daha üzə çıxmış oldu. Rəsmi olaraq Avropa müstəmləkəçiliyinin qarşısını almaq məqsədi daşıyan bu doktrina, praktikada ABŞ-ın Qərb yarımkürəsində təkbaşına strateji nəzarətini nəzərdə tutur. Venesuela hadisəsindən sonra ABŞ prezidenti Donald Trampın digər qitələrə dair səsləndirdiyi fikirlər də bu yanaşmanı dolayısı ilə təsdiqləyir.
İkincisi, ABŞ tərəfindən həyata keçirilmiş əməliyyatın xarakteri bir sıra ciddi suallar doğurur. Əməliyyatın bir çox detalları arxa planda müəyyən geosiyasi razılaşmaların mövcudluğuna işarə edir. Ən sadə məntiqlə yanaşsaq, Nikolas Maduro ABŞ-ın açıq hədələrindən və mümkün hərbi müdaxilə riskindən xəbərsiz deyildi. Təxminən 1 milyon kvadrat kilometr əraziyə malik bir ölkədə gizlənmək və ya dünyanın ən güclü ordularından birinə sahib olmaqla müəyyən müqavimət göstərmək imkanları mövcud idi. Bu imkanlardan istifadə edilməməsi hadisənin arxasında başqa razılaşmaların ola biləcəyi ehtimalını gücləndirir.
Digər tərəfdən, beynəlxalq reaksiyaların zəif və formal xarakter daşıması da diqqət çəkir. Sanki belə bir hadisənin baş verəcəyi əvvəlcədən gözlənilirdi və baş verənlər müəyyən mənada səhnələşdirilmiş təsiri bağışlayır. Bundan əlavə, ABŞ daxilində və digər coğrafiyalarda təsirli siyasi dairələrin qarşıdan gələn seçkilər fonunda Respublikaçıların mövqelərinin güclənməsində maraqlı olduqları da ehtimal edilir. Görünür, növbəti mərhələdə də Respublikaçıların hakimiyyətdə qalması bəzi qlobal güc mərkəzlərinin maraqlarına uyğundur. Ümumilikdə isə zaman keçdikcə və ABŞ daxilindəki reaksiyalar formalaşdıqca daha aydın mənzərə ortaya çıxacaq.
-Maduronun həbsi beynəlxalq münasibətlərə necə təsir göstərə bilər?
-Nikolas Maduronun ABŞ tərəfindən həbs edilməsi beynəlxalq siyasi proseslərə və ümumi geosiyasi vəziyyətə təsirsiz ötüşməyəcək. Bununla belə, bu təsirin idarə olunan və nəzarət altında olan xarakter daşıdığı qənaətindəyəm. Madurodan sonra müxalifətin hakimiyyətə yaxın buraxılmaması və vitse-prezident Delsi Rodrigezin dövlət başçısı səlahiyyətlərini icra etməsi onu göstərir ki, prosesdə digər beynəlxalq aktorların maraqları da nəzərə alınır. Məsələn, Donald Trampın Çinin Venesuela neftini almaqda davam edə biləcəyi ilə bağlı açıqlaması və Rusiya xarici işlər naziri Sergey Lavrovun Delsi Rodrigeslə təmasları bu balansın göstəricisidir.
Bununla yanaşı, ABŞ-ın Cənubi Amerikada təsir imkanları əhəmiyyətli dərəcədə artacaq. Paralel olaraq, digər geosiyasi mərkəzlərin fərqli regionlarda manevr imkanları genişlənəcək və ABŞ bu vəziyyətə nisbi “anlayışla” yanaşmağa çalışacaq.
-Venesuela ssenarisi İranda təkrarlana bilərmi?
Prezident Donald Trampın Tehran rejiminə yönəlik sərt ritorikasına baxmayaraq, yaxın perspektivdə Venesuelada baş verənlərin analoji formasının İranda təkrarlanacağını real hesab etmirəm. Tramp administrasiyası dərin və birbaşa geosiyasi toqquşmalarda maraqlı deyil. İran məsələsi Rusiya və Çin üçün açıq “qırmızı xətt” hesab olunur. Bu səbəbdən, ritorik təzyiqlərin artmasına baxmayaraq, yaxın dövrdə birbaşa hərbi müdaxilə ehtimalı aşağıdır. Bundan başqa, ABŞ üçün Qərb yarımkürəsində hələ tam “həllini” gözləyən bir sıra məsələlər mövcuddur. Qrenlandiya məsələsində Trampın mövqeyi də onun bəzi mövzuları ciddi strateji gündəm kimi gördüyünü göstərir.
-Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində bildirib ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir. Qeyri-ərəb müsəlman ölkələr "parovozun önündə qaçmamalıdır". Bu, heç bir yaxşı nəticə verməz. Cənab prezidentin bu fikirlərini Azərbaycanın Yaxın Şərq siyasətinin təməl prinsipi kimi dəyərləndirmək olarmı?
-Azərbaycan Prezidenti Cənab İlham Əliyev istənilən vəziyyətdə və istənilən şərtlər daxilində yalnız Azərbaycan dövlətinin və vətəndaşının rifahindan çıxış edərək bu və ya digər beynəlxalq addımları atır. Belə ki, birincisi, Prezident haqlı olaraq bildirir ki, qeyri-ərəb müsəlman ölkələrinin "parovozun qabağında qaçmamalıdır". Sözügedən məsələdə hələlik bir müəyyənlik yoxdur. Yəni, sülhməramlı əməliyyatlarda iştirak etmək üçün mandatın kim tərəfindən və necə veriləcəyi haqqında təsəvvürlər mövcud deyil. Sözsüz ki, belə bir vəziyyətdə ölkə Prezidenti olduqca sağlam məntiqə istinad edir.
Hazırkı mərhələdə sülhməramlı əməliyyatlarla bağlı mandatın kim tərəfindən və hansı mexanizmlə veriləcəyi qeyri-müəyyəndir. Belə şəraitdə ehtiyatlı mövqe tam əsaslıdır. Prezidentin vurğuladığı kimi, Azərbaycanın Kosovoda, İraqda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak təcrübəsi mövcuddur və bu missiyalar əsasən strateji obyektlərin mühafizəsi ilə məhdudlaşıb. Nəticədə insan itkisinə yol verilməyib ki, bu da dövlət başçısının Azərbaycan vətəndaşlarının həyatını riskə atmamaq prinsipinə sadiqliyini göstərir.
Azərbaycan beynəlxalq platformalarda Fələstin dövlətinin yaradılmasını ardıcıl şəkildə dəstəkləyib, Fələstin səfirliyinin Bakıda fəaliyyəti isə dövlətimizin maliyyə dəstəyi ilə təmin olunur. Eyni zamanda, Azərbaycan Ərəb Liqasının mövqeyinə uyğun davranaraq müsəlman həmrəyliyini praqmatik və səmimi şəkildə nümayiş etdirir. Bu kontekstdə Prezident İlham Əliyevin vurğuladığı kimi, lazımsız və emosional fəallıq nə regional sabitliyə, nə də milli maraqlara yaxşı heç nə vəd etmir.
Arzuman Loğmanoğlu
Sozcu.info