İsrail kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunan Ali Ərdəstaninin hökmü Ali Məhkəmənin qərarından sonra icra olunub...
Poliqon xəbər verir ki, İran hakimiyyəti İsrailin kəşfiyyat və təhlükəsizlik xidməti “Mossad”ın xeyrinə casusluqda təqsirli bilinən Əli Ərdəstaninin barəsində çıxarılmış ölüm hökmünü icra edib. Bu barədə Mehr agentliyi məlumat yayıb.
Məlumata görə, edam hökmü İran Ali Məhkəməsinin qərarı qüvvədə saxlamasından və bütün məhkəmə prosesinin tam başa çatmasından sonra yerinə yetirilib. İstintaq materiallarında Ərdəstaninin “Mossad”ın xeyrinə casusluq etdiyi və İsrail tərəfinə ölkə ilə bağlı mühüm və məxfi məlumatlar ötürdüyü təsdiqlənib.
İş üzrə sənədlərdə qeyd olunur ki, Ərdəstani internet üzərindən “Mossad” tərəfindən ələ alınıb və müəyyən edilmiş tapşırıqları maddi ödənişlər və yalan vədlər qarşılığında yerinə yetirib. O, kəşfiyyat xidməti üçün konkret məkanların görüntülərini, habelə hədəf şəxslər barədə məlumatları toplayaraq ötürüb.
Məhkəmə sənədləri və təqdim olunan sübutlar göstərir ki, Ərdəstani “Mossad” zabitlərinin birbaşa göstərişi ilə fəaliyyət göstərib və hər bir tapşırığın icrasından sonra kriptovalyuta vasitəsilə ödəniş alıb. Eyni zamanda, iş materiallarında onun İran ərazisində “Mossad”la əlaqəli olduğu müəyyən edilmiş şəxslərlə bir neçə dəfə birbaşa görüşdüyü, topladığı məlumatları, foto və videomaterialları ötürdüyü də yer alıb.
Məhkəmə prosesinin müxtəlif mərhələlərində Ərdəstani etiraf edib ki, “Mossad” əməkdaşları ilə birbaşa əlaqədə olduğunu tam dərk edib və İrana qarşı yönəlmiş tərəfə şüurlu şəkildə dəyərli məlumatlar ötürüb. İran tərəfi bu işi milli təhlükəsizliyə ciddi təhdid kimi qiymətləndirib və hökmün icrasını ölkə qanunvericiliyinə uyğun addım kimi əsaslandırıb.
Poliqon.info