AZ

Rusiya və İranın təzyiqinə İlham Əliyevin qətiyyətli cavabı

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində son beş ildə baş verənləri dəyərləndirərkən, bu müddət ərzində Azərbaycana qarşı edilən təzyiq və təxribat cəhdlərinə də toxundu. Dövlət başçısı bildirdi ki, bu müddət ərzində regionumuzda Azərbaycanın iştirakı ilə bir çox həyəcanlı proseslər də baş verib: “Diplomatik olaraq qeyd edim ki, onlar Ermənistanla bağlı deyil və biz bütün bu ağır sınaqlardan layiqincə, öz vicdanımızla, ilk növbədə, ləyaqətimizlə kompromisə getmədən çıxdıq. Hamıya, kimə lazımdırsa sübut etdik ki, bizə hörmətlə yanaşmaq lazımdır və biz kobudluğa, həyasızlığa və diktə cəhdlərinə dözməyəcəyik”.

2020-ci il Vətən müharibəsində və sonra Azərbaycan təkcə Ermənistanla deyil, onun havadarları və regionda maraqları olan ölkələrlə də mübarizə aparmaq məcburiyyətində qaldı. Bunun əsas səbəbi Azərbaycanın Vətən müharibəsinə başlaması və torpaqlarını azad etməsi idi. Prezident də müsahibəsində qeyd etdi ki, zənnimcə, bizim İkinci Qarabağ müharibəsindəki Qələbəmiz, - mən bunu bir dəfə demişəm, - həm siyasi, həm də xarakterli çox böyük layları yerindən oynadıb.

Azərbaycana qarşı təzyiqlər məhz İkinci Qarabağ müharibəsində qazandığımız qələbədən qaynaqlanırdı, çünki torpaqlarımızın azad edilməsi regionda mövcud olan status-kvonu dəyişdirdi, əsrlərdir rıçaq kimi istifadə olunan separatizm kartını sıradan çıxartdı və yeni reallıqlar yaratdı. Bu reallıq müəyyən ölkələrin maraqlarına uyğun deyildi. Prezident müsahibəsində konkret adlar çəkməsə də, söhbətin hansı ölkələrdən getdiyi ictimaiyyətə məlumdur.

Vətən müharibəsində və sonra Ermənistanın maraqları naminə Azərbaycana qarşı təzyiq cəhdləri edən, müxtəlif təxribatlara əl atan ölkələrdən biri İran olub. İşğal dövründə Qarabağdan “boz zona” kimi istifadə edən və Cənubi Qafqazdakı maraqlarını Ermənistan vasitəsilə həyata keçirən İran Azərbaycanın torpaqlarını azad etməsini regional siyasətinə təhlükə kimi görürdü. Məhz buna görə 44 günlük müharibə dövründə və sonra İran Azərbaycanın qarşısına sədd çəkmək üçün əlindən gələni etdi.

Müharibənin gedişində İranın ordumuzun Xudafərin istiqamətində irəliləməsinin qarşısını almaq cəhdlərinə dair faktlar mediada yayılıb. Məlumatlara görə, müharibənin davam etdiyi vaxt Azərbaycanın suveren ərazisinə soxulan İran hərbçiləri ordumuzun hərəkətinə mane olmaq üçün “beton sədlər” yerləşdiriblər. Azərbaycan tərəfi xəbərdarlıq etsə də, İran hərbçilərinin geri çəkilməyib. Ordumuz İran hərbçiləri ilə toqquşmamaq üçün 14 kilometr geri qayıdıb, əlavə 20 kilometr məsafə qət etdikdən sonra təyin olunan məntəqəyə çatıb. Bakı və Tehran arasında aparılan danışıqların nəticəsində İran hərbçiləri Azərbaycan ərazisini tərk etsə də, bu təxribat ordumuzun əməliyyatını gecikdirib. İranın məqsədi Ermənistana döyüş meydanında mövqelərini bərpa edə bilməsi üçün vaxt qazandırmaq idi.

Seçilən
77
publika.az

1Mənbələr