Mandarin faydalı xüsusiyyətlərə malik olsa da, normadan artıq qəbul edildikdə sağlamlıq üçün mənfi təsirlər yarada bilər.
Redaktor.az xəbər verir ki, bu ahqda həkim-allergoloq-immunoloq Alina Romanova lenta.ru-ya açıqlamasında məlumat verib.
Həkimin sözlərinə görə, mandarinlər C vitamini baxımından ən zəngin meyvələr sırasında olmasa da, onların tərkibindəki C vitamini hətta orta miqdarda istehlak edildikdə belə soyuq mövsümdə orqanizmin qorunması üçün kifayətdir. Bu vitamin immun hüceyrələrin aktivliyini artırır və orqanizmin viruslar, eləcə də infeksiyalarla mübarizəsinə kömək edir.
Alina Romanova əlavə edib ki, mandarinlərin tərkibində olan A vitamini C vitamini ilə birlikdə dərinin vaxtından əvvəl qocalmasının qarşısını alır, kollagen sintezini stimullaşdırır və dərinin sağlam görünüşünü qorumağa yardım edir.
Mütəxəssis vurğulayıb ki, bütün faydalarına baxmayaraq, mandarinlərin həddindən artıq yeyilməsi allergik reaksiyalar, mədə-bağırsaq problemləri və qan şəkərinin yüksəlməsi kimi hallara səbəb ola bilər. Buna görə də gündəlik qəbul edilən mandarin miqdarı normada saxlanılmalıdır.
Aytəkin TOFİQQIZI