AZ

Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir ŞƏRH

Bakı, 7 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsində səsləndirdiyi fikirlər ölkə ictimaiyyəti ilə yanaşı, beynəlxalq aləmdə də böyük rezonans yaradıb. Dövlətimizin başçısının ötən il baş verən əsas hadisələr, xüsusilə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyulması, Qəzzaya sülhməramlı qüvvələrin göndərilməyəcəyi, Zəngəzur dəhlizinin işə salınması, artıq sülh şəraitində yaşamağımız və digər qlobal məsələlər barəsində fikirləri böyük maraqla qarşılanmışdır. Prezident qeyd etdi ki, həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu. Təbii ki, bu da müstəqillik tariximizdə yadda qalan hadisələrdən biridir. Cəmiyyətdə mövcud olan xoş əhval-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər irəliyə uğurla addımlamağa və ölkə qarşısında duran bütün vəzifələri həll etməyə imkan yaradacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsinə münasibət bildirən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə səsləndirib.

Hüquq müdafiəçisi ötən ilin yadda qalan prioritet məsələlərindən birinin də Azərbaycan-Amerika münasibətlərində irəliyə doğru atılan qətiyyətli addımın olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ABŞ-Azərbaycan əlaqələrinin üzərində qara bulud kimi mənfur 907-ci düzəliş fırlanırdı. Həmin dövrdə, elə indi də dünyada baş alıb gedən ikili standartlar, ikiüzlü siyasət yenicə müstəqilliyini bərpa etmiş ölkəmizdən də yan keçməmişdir. O vaxt ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki səriştəsizliyi səbəbindən Azərbaycan beynəlxalq aləmdə əlaqələr qura bilməmiş, dünyanın inkişaf etmiş dövlətləri, o cümlədən ABŞ kimi dünya miqyasında qüdrətli dövlətlə lazımi səviyyədə münasibətlər yaratmamışdı. Artıq bütün bunların hamısı arxada qalmış və Azərbaycan dövlətinin, onun lideri İlham Əliyevin düzgün müəyyənləşdirdiyi xarici siyasət sayəsində Amerika-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoymuşdur.

Ç.Qənizadə diqqəti dövlətimizin başçısının bu istiqamətdə səsləndirdiyi fikirlərə yönəldib və bunun əsas səbəbinin Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması ilə əlaqələndirib. Deyib ki, bu administrasiya çox praqmatik, peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu yaxşı bilən üzvlərdən ibarətdir, əlbəttə ki, Prezident başda olmaq şərti ilə: “Təbii ki, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə əməkdaşlıq həm Amerika Birləşmiş Ştatları, həm də bizim üçün faydalıdır. Ona görə bu nöqteyi-nəzərdən, keçən il də dönüş ili sayıla bilər. Ağ Evdə Prezident Tramp mənim orada iştirakımla keçirilən mərasimdə 907-ci düzəlişə son qoydu, bunu aradan qaldırdı. Halbuki, hələ Konqres bunu rəsmən aradan qaldırmalıdır. Amma, xüsusilə, mənim iştirakımla Prezident tərəfindən atılan bu addım, təbii ki, rəmzi məna daşıyır. Bununla yanaşı, Amerika ilə Azərbaycan arasında strateji işçi qrupunun yaradılması sənədi də imzalanmışdır”.

Komitə sədri dövlətimizin başçısının Zəngəzur dəhlizinin açılması barədə səsləndirdiyi fikirlərin də böyük maraq doğurduğunu bildirib. Bu mühüm əhəmiyyətli dəhlizin açılacağı artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir. Bu dəhlizin açılışından sonra Azərbaycanla Ermənistan arasında normallaşma prosesi daha da yaxşılaşacaq. Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişinin əhəmiyyəti, imzalanan birgə Bəyannamə təbii ki, münasibətlərin getdikcə normallaşdırılması istiqamətində mühüm rol oynayacaq. ABŞ Prezidenti Donald Tramp da şahid qismində bu Bəyannaməyə öz imzasını atdı. Hazırda Azərbaycanla Amerika arasındakı əlaqələr çox praktik və nəticəyə hesablanmış istiqamətdə cərəyan edir.

Hüquq müdafiəçisi Azərbaycan Prezidentinin AXC-Müsavat cütlüyünün ölkəyə rəhbərliyi dövründə respublikamızın məhvə doğru getdiyi barədə fikirlərini də xatırladıb. Qeyd edilib ki, AXC-Müsavat hakimiyyəti, ümumiyyətlə, peşəkarlardan ibarət deyildi, əksinə, çox təsadüfi insanlar hakimiyyəti zəbt etmişdilər və faktiki olaraq Azərbaycanı məhvə doğru aparırdılar. Məhz onların hakimiyyətdən gedişindən sonra Azərbaycan tədricən inkişaf yoluna qədəm qoydu. Bu gün bu inkişaf artıq dünya birliyində də etiraf olunur. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, bu gün Azərbaycan dünyanın sayılıb-seçilən dövlətləri ilə bir sıradadır. Böyük əhəmiyyət daşıyan hadisələrdən biri də Çinlə olan strateji tərəfdaşlığımızdır. Çünki Çin də dünyada aparıcı ölkələrdən biridir və bu siyasi çərçivə, siyasi platforma, əlbəttə ki, bizim uğurlu diplomatiyamızın təzahürü sayıla bilər. Xarici siyasətlə bağlı digər önəmli nailiyyət ölkəmizin Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsidir. Bağlantılar, nəqliyyat, logistika bu gün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır və burada Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır.

Ç.Qənizadə Prezidentin Qarabağda və Şərqi Zəngəzurda aparılan yenidənqurma, tikinti-bərpa işləri barədə məlumat verdiyini, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının dayandığı fikrinə diqqəti cəlb edib: “Bu, həmişə bizim siyasətimizin ana xəttini müəyyən edən istiqamətdir. Çünki mən uzun illərdir deyirəm və bunu əməli işlərdə də biz görürük ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, sadəcə olaraq, şüar deyil. Bizim bütün siyasətimiz həm sosialyönümlü, həm də ki, investisiyayönümlüdür. Son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillər verilmişdir”.

Hüquq müdafiəçisi deyib ki, Azərbaycan Prezidenti həm özünün, həm də dövlətimizin mövqeyini bir daha qəti şəkildə bildirdi: “Hər an ayıq olmalıyıq, güclü olmalıyıq. Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək”.

Seçilən
35
azertag.az

1Mənbələr