AZ

Məhkəmə qardaşına armatur parçası ilə xəsarət yetirən şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Fərəc Hacızadənin (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


Ittihama görə, hadisə 2025-ci il martın 7-də, saat 13 radələrində Şəmkir rayonu ərazisində qeydə alınıb.


Belə ki, Fərəc Hacızadə yaşadığı evin qarşısında avtomobildən düşərkən qonşuluqda yaşayan qardaşı, zərərçəkmiş Fariz Hacızadənin (adı, soyadı şərtidir) ona məxsus dəmir çənin təmir edildiyini görüb. O, zərərçəkmiş şəxsə yaxınlaşaraq çənin özünə məxsus olduğunu bildirib. Bu zaman qardaşı ona nalayiq ifadələrlə cavab verib. Nəticədə tərəflər arasında mübahisə yaranıb və bu zamanı zərərçəkmiş şəxsi yıxaraq xəsarət yetirib.


İş materiallarında həmçinin qeyd olunur ki, onlar arasında təxminən 4–5 ildir ki, mülk üstündə mübahisə mövcuddur. Bu səbəbdən zərərçəkmiş şəxs ifadəsində hadisənin Fərəc tərəfindən armatur parçası ilə döyülmə nəticəsində baş verdiyini bildirib.


Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Fərəc Hacızadə 8 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Fərəc Hacızadə aşağı instansiya məhkəməsinin qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi.


Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs kassasiya şikayətinin təmin olunmamasını istəmişdi.

 

Kamal Məmmədov 

Tarix: 7 Yanvar 2026, 08:45   
Seçilən
26
pravda.az

1Mənbələr