AZ

Əmlakı qəsdən məhv etmədə ittiham olunaraq bəraət alan şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə əmlakı qəsdən məhv etmə və ya zədələmədə, dələduzluq və torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmada təqsirləndirilən Vaqif Əşrəfovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


İttihama görə, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə qəsdən ələ keçirməklə dələduzluq etməkdə, özgənin əmlakını qəsdən külli miqdarda ziyan vurmaqla məhv etməkdə, habelə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işləri aparmaqda, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında torpaq sahəsini özbaşına hasarlayaraq tutmaqda ittiham olunub.


Belə ki, Vaqif Əşrəfov 2022-ci ilin oktyabr ayında vahid niyyətlə hərəkət edərək Şirvan şəhərində yerləşən Şirvan ŞPŞ-nin qarşısında zərərçəkmiş D.D.-nin (adı, soyadı şərtidir) barəsində həmin polis orqanında araşdırılan hadisə üzrə onu cinayət məsuliyyətindən azad etdirəcəyinə dair yalan vəd verib. Bu yolla o, zərərçəkmiş şəxsi aldadaraq ondan əlbəəl 3000 manat pul alıb. Daha sonra cinayətdən xəbərsiz olan şəxslər vasitəsilə əlavə olaraq 150 manat pulu Şirvan şəhərində yerləşən “Rövşən” şadlıq sarayının qarşısında ələ keçirib. Nəticədə zərərçəkmiş D.D.-yə ümumilikdə 3150 manat məbləğində maddi ziyan vurulub.


Bundan başqa, ittihamda qeyd olunur ki, Vaqif Əşrəfov 2022-ci ilin aprel ayından sentyabr ayınadək olan müddətdə tanışı, Şirvan şəhər sakini zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) məxsus əmlakı qəsdən məhv edib. Belə ki, 11 mart 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satılmış Şirvan şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən, ümumi sahəsi 85,6 kvadratmetr olan 2 otaqlı fərdi yaşayış evi şəxsi münasibətlər zəminində qisas və qərəzçilik niyyəti ilə insan əməyi və texniki vasitələrdən istifadə olunmaqla dağıdılıb. Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 62 000 manat məbləğində külli miqdarda maddi ziyan vurulub.


İttihama əsasən, məhkum 2023-cü ilin yanvar ayından 26 oktyabr 2023-cü il tarixinədək olan müddətdə də zərərçəkmiş S.S.-ə məxsus torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tikinti işləri aparıb. Belə ki, Şirvan şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən 0,0236 hektar torpaq sahəsinin hüdudları daxilində 17 kvadratmetr ölçüdə tikili və 47,5 kvadratmetr ölçüdə talvar qurğusu inşa etdirilib.


Bundan əlavə, ittihamda göstərilir ki, Vaqif Əşrəfov 2023-cü ilin aprel ayında qohumu olan təqsirləndirilən şəxs ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şirvan şəhəri, Mehmandarov küçəsində yerləşən 6 saylı inzibati binanın qarşısında yerləşən bələdiyyə mülkiyyətinə aid 37 kvadratmetr və dövlət mülkiyyətinə aid 28 kvadratmetr olmaqla ümumilikdə 65 kvadratmetr torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan hasarlayaraq özbaşına tutub.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cinayət hadisəsi olmadığı müəyyən edildiyindən Vaqif Əşrəfov Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsi üzrə bəraət alıb. Eyni zamanda məhkəmə onu Cinayət Məcəlləsinin 178.1-ci, 32.5-ci və 188.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilib. Lakin Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, həmin maddələr üzrə məhkuma cəza təyin edilməməsi barədə yekun qərar qəbul olunub. İş üzrə məhkəmə məsrəfləri ilə bağlı məsələlər də həll edilib. Həmin hökmə əsasən, təqsirləndirilən digər şəxs də Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirli bilinib. Hökmdən təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.


Kamal Məmmədov 




Tarix: 7 Yanvar 2026, 08:36   
Seçilən
25
pravda.az

1Mənbələr