AZ

Bakıda ondan boşanmaq istəyən arvadı və qızını bıçaqlayan şəxsin cəzası azaldıldı

Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Rövşən Əliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti ona əlavə edilmiş ərizələrlə birlikdə qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. Belə ki, Cinayət Məcəlləsinin 80-1-ci maddəsi tətbiq edilməklə (Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla) məhkum Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ona təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasından azad edilib. Eyni zamanda məhkumun Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi üzrə təyin edilmiş 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası 11 il 3 aya endirilib.


İttihama görə, hadisə 02 fevral 2023-cü il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən mənzillərin birinin blokunda qeydə alınıb.


Belə ki, Rövşən Əliyev keçmiş arvadı, zərərçəkmiş V.Əliyevanın ondan boşanması və barışıqdan imtina edərək yaşadıqları mənzilə gəlməyə icazə verməməsi səbəbindən aralarında mübahisə yaranıb. Hadisə günü o, bıçaq götürərək blokda mənzilin giriş qapısının qarşısında gizlənib. Sonra Rövşən işdən evə gələn V.Əliyevanın boyun nahiyəsinə zərbələr endirib. Bu zaman onların qızı N.Əliyeva qadının qışqırıq səslərini eşidib mənzildən bloka çıxıb. Təqsirləndirilən şəxs isə qızının gözü qarşısında növbəti bıçaq zərbələrini V.Əliyevanın sağ yanaq və boyun nahiyəsinə yetirib. Daha sonra N.Əliyeva araya girib atasının anasına növbəti bıçaq zərbələrinin yetirməsinin qarşısını almağa çalışıb. Rövşən isə bıçaqla qızının qol və əl nahiyələrinə vuraraq ona da xəsarət yetirib.


Xəstəxanaya çatdırılan hər ana və qızının həyətini xilas etmək mümkün olub.


Hadisədən sonra Rövşən Əliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, protestləri təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 14 il müddətinə azadlıqdan məhrumetmə hökmünü dəyişdirərək onun cəzasını 15 ilə qaldırıb.


Kamal Məmmədov 

Tarix: 7 Yanvar 2026, 08:28   
Seçilən
77
2
pravda.az

3Mənbələr