AZ

The Telegraph: ABŞ-nin Venesuelanın gələcəyi ilə bağlı konkret planı yoxdur...

Maduronun ələ keçirilməsindən sonra Vaşinqtonun strategiyası qeyri-müəyyən qalır...

ABŞ prezidenti Donald Tramp administrasiyasının Venesuelanın gələcəyi ilə bağlı konkret və formalaşdırılmış fəaliyyət planı mövcud deyil.

Poliqon xəbər verir ki, bu barədə The Telegraph qəzeti məsələ ilə tanış mənbələrə istinadla məlumat yayıb.

Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, hazırda “heç bir plan, gələcəyə dair heç bir təlimat yoxdur” və ABŞ-nin Venesuela siyasəti faktiki olaraq “günbəgün”, situasiyaya uyğun şəkildə formalaşdırılacaq. Mənbə vurğulayıb ki, Vaşinqtonda baş verən proseslər əvvəlcədən hazırlanmış strategiyaya deyil, cari qərarlara əsaslanır.

The Telegraph xatırladır ki, Donald Tramp ictimai çıxışlarında ABŞ-nin Venesuelanı “təhlükəsiz keçid mərhələsinə qədər idarə edəcəyini” bəyan etsə də, bu idarəetmənin necə həyata keçiriləcəyi, hansı mexanizmlərə söykənəcəyi və müddətinin nə qədər olacağı hələ də aydın deyil.

Qəzetin yazdığına görə, Venesuela üzrə xüsusi işçi qrup formal olaraq yaradılıb, lakin onun səlahiyyətləri, konkret vəzifələri və qərar qəbuletmə imkanları müəyyən edilməyib. Bu vəziyyət ABŞ Konqresində, xüsusilə demokratlar arasında ciddi narahatlıq doğurur. Qanunvericilər administrasiyanın aydın vizyonunun olmamasını riskli hesab edirlər.

Bunun fonunda Senat bu həftə ABŞ-nin Konqresin razılığı olmadan Venesuelada hərbi əməliyyatlar aparmasını məhdudlaşdıran qətnaməyə baxacaq. Analitiklərin fikrincə, bu addım Konqresin icra hakimiyyətinin mümkün birtərəfli hərbi qərarlarına nəzarəti gücləndirmək cəhdi kimi qiymətləndirilir və Vaşinqton daxilində Venesuela məsələsi ətrafında fikir ayrılıqlarının dərinləşdiyini göstərir.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr