AZ

Prezidentin müsahibəsi Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki rolunun xeyli gücləndiyini göstərir – ŞƏRH

Naxçıvan, 7 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin hər ilin əvvəlində olduğu, kimi bu il də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın daxili və xarici siyasətindəki ən son nailiyyətlərdən, ölkəmizin ötən bir ildə beynəlxalq əlaqələr sistemindəki yeri və rolundan geniş şərhləri yer aldı. Dövlət başçımızın irəli sürdüyü tezislərdən, proqram xarakterli fikirlərindən deyə bilərik ki, 2025-ci ili respublikamız üçün siyasi uğurların zirvəsi kimi xarakterizə etmək olar. Bu xüsusda ötən il avqustun 8-də dünyanın bir nömrəli siyasi ofisi - Ağ Evdə keçirilən tarixi görüşün nəticələri, mahiyyəti təkcə bu gün üçün deyil, on illiklərə bərabər ölçülür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Bəhruz Məmmədov deyib.

Deputat qeyd edib ki, Vaşinqton görüşü həm qlobal dünya düzəninin nizama salınması, həm də regional siyasi, iqtisadi əlaqələrin tənzimlənməsi baxımından olduqca vacib addımların atılması ilə tarixə düşdü. Birinci əsas məsələlərdən biri, təbii ki, uzun illərdir kəskin soyuqlaşan ABŞ-Azərbaycan əlaqələrində istiləşmənin yaranması, münasibətlərə kölgə salan maneələrin aradan qaldırılaraq dönüş nöqtəsinin əsasının qoyulmasıdır. Donald Trampın Prezident İlham Əliyevin şəxsən iştirak ilə 907-ci düzəlişi ləğv etməsi və liderlərin regional bağlantılar, qabaqcıl texnologiyalara və süni intellektə iqtisadi investisiyalar, enerji, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirmək məqsədilə Strateji Tərəfdaşlığın yaradılması üzrə Anlaşma Memorandumunu imzalaması münasibətləri yeni mərhələyə yüksəltməkdədir.

Bəhruz Məmmədov bildirib ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində geniş təhlil etdiyi və Azərbaycanın beynəlxalq iqtisadi münasibətlər sistemində rolunu gücləndirəcək nailiyyətlərdən biri də Zəngəzur dəhlizinin reallaşması ilə bağlı fikirləridir. Bu layihənin də möhürü də məhz ötən il avqustun 8-də Vaşinqtonda vuruldu. Dəhlizin yaxın bir neçə ildə istifadəyə verilməsi dövlət başçısının "Azərbaycandan-Azərbaycana maneəsiz keçid olmalıdır" ideyasının praktiki təsdiqini təcəssüm etdirməklə yanaşı, həm də beynəlxalq ticarətin güclənməsinə təkan verəcək. Orta dəhlizin əsas seqmentinə çevriləcək layihə Azərbaycan-Çin, Azərbaycan-ABŞ, Azərbaycan-Türk dünyası ölkələri arasındakı münasibətlərə yeni məzmun və dəyər qazandıracaq. Regionda yeni ticarət arxitekturası inşa olunacaq ki, bundan bütün iştirakçı tərəflər faydalanacaq. Zəngəzur dəhlizi ölkəmizin həm regional və qlobal müstəvidə siyasi, iqtisadi aktor kimi nüfuzunu yüksəldəcək, həm də bölgəyə yeni investisiya axınını gücləndirməklə iqtisadiyyatımızın neftdən asılılığının tamamilə aradan qaldırılmasına imkan verəcək.

"Azərbaycanın son 5 ildə həm hərbi, həm də siyasi meydanda qazandığı nailiyyətlərin arxasında siyasi iradə və iqtisadi müstəqillik dayanır. Respublikamızın bu gün xarici borcu tarixdə ən aşağı səviyyədədir, hesablamalardan asılı olaraq ÜDM-in 6,3-6,4 faizini təşkil edir. Azərbaycan valyuta ehtiyatları xarici borcunu 16 və ya 17 dəfə üstələyən nadir ölkələrdəndir. Bütün bu göstəricilər və Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində yer alan fikirlər belə deməyə əsas verir ki, ölkəmiz qarşıya qoyduğu hədəflərə qısa zamanda və qəti şəkildə çatacaq", - deyə deputat əlavə edib.

 

Seçilən
113
azertag.az

1Mənbələr