Tramp administrasiyasının variantları hərbi gücdən diplomatiyaya qədər uzanır...
Poliqon xəbər verir ki, The Times nəşrinin təhlilinə görə, ABŞ prezidenti Donald Tramp administrasiyası Qrenlandiya üzərində nəzarəti dörd əsas üsulla ələ keçirə bilər. Britaniya qəzeti yazır ki, Vaşinqtonun həm hərbi, həm siyasi, həm də iqtisadi alətləri mövcuddur, lakin bu variantların hər biri ciddi risklərlə müşayiət olunur.
Nəşrin qeyd etdiyi ilk ssenari ABŞ-nin hərbi gücdən istifadə edərək adanı zorla ələ keçirməsidir. Analitiklərin fikrincə, ABŞ bu cür əməliyyatı həyata keçirmək üçün yetərli hərbi imkanlara malikdir. Lakin NATO üzvü olan Danimarkanın ərazisinə qarşı güc tətbiqi alyans daxilində dərin böhran yarada, həmçinin Qrenlandiya əhalisinin müqavimətinə səbəb ola bilər.
İkinci variant kimi ABŞ ilə Qrenlandiya arasında Azad Assosiasiya Müqaviləsinin bağlanması göstərilir. Bu tip razılaşmalar çərçivəsində ABŞ tərəfdaş ölkəyə maliyyə və iqtisadi yardım göstərir, əvəzində isə müdafiə və təhlükəsizlik məsələlərinə nəzarəti öz üzərinə götürür. Belə halda Qrenlandiya daxili özünüidarəni saxlayır, lakin hərbi-strateji məsələlər Vaşinqtonun səlahiyyətinə keçir.
Üçüncü ssenari ABŞ-nin Danimarkaya Qrenlandiyanı satın almağı təklif etməsidir. The Times xatırladır ki, bu ideya Trampın əvvəlki prezidentlik dövründə də gündəmə gəlmişdi, lakin Kopenhagen tərəfindən qəti şəkildə rədd edilmişdi. Buna baxmayaraq, nəşr belə bir variantın tamamilə istisna edilmədiyini vurğulayır.
Dördüncü yol isə Qrenlandiyanın Danimarkanın tərkibində qalması, lakin adada ABŞ-nin hərbi mövcudluğunun əhəmiyyətli dərəcədə gücləndirilməsidir. Bu halda ABŞ rəsmi olaraq ərazi iddiası irəli sürmədən, faktiki olaraq strateji nəzarət imkanlarını genişləndirə bilər.
The Times-ın həmsöhbəti olan analitiklərin qənaətinə görə, ən real ssenari birbaşa hərbi müdaxilə deyil. Daha çox ehtimal edilən variant iqtisadi təzyiq, siyasi təsir mexanizmləri və diplomatik danışıqların birgə tətbiqidir. Bu yanaşma Vaşinqtona həm beynəlxalq reaksiyalardan yayınmaq, həm də Arktika regionunda mövqelərini möhkəmləndirmək imkanı verə bilər.
Poliqon.info